Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 12:30

İllərin sınağından çıxmış veteran

Bir neçə il bundan əvvəl baş redaktor məni otağına çağırdı və otağında əyləşən yaşlı bir hərbçi ilə tanış etdi. Əlində yazılarla dolu qovluq da var idi. Məlum oldu ku, bu materiallar Böyük Vətən müharibəsi iştirakçıları haqqındadır. Yazılar rus dilində idi. Onu Azərbaycan dilinə tərcümə elətdirmək istəyirdi. Özünü təqdim etdi - 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko. O, yazılarla dolu qovluğu açıb təkrar olaraq mənə göstərdi və dedi ki, bunlar mənim üçün əmanətdir. "Bunlar Vətən uğrunda döyüşlərdə igidliklə vuruşan, itkin düşən və qəhrəmanlıqla həlak olan azərbaycanlılar haqqında toplanan materiallardır.”
Aleksandr Qritçenko ordudan tərxis olunduqdan sonra ömrünü müharibə iştirakçılarının axtarışına sərf edib. Günlərini arxivlərdə keçirib. Faşizmə qarşı döyüşlərdə iştirak edən, itkin düşən, həlak olan soydaşlarımız haqqında geniş məlumat almaq üçün onların yaşadıqları ünvanlara gedərək ailələri ilə görüşüb. Döyüşçülərin həyat və döyüş yollarını müxtəlif qəzetlərdə işıqlandırıb. Azərbaycanı və  azərbaycanlıları sevən bir insana sayğılar göstərdim.
Aleksandr Qritçenko əslən Dnepropetrovski şəhərindəndir. Müharibə başlananda Hərbi Dəniz Donanmasında xidmətə çağırılıb. Böyük Vətən müharibəsinin başlanğıcından sonuna qədər döyüş yolu keçib. Qara dəniz, Azov və Dunay hərbi dəniz donanmalarında dəniz piyadaları sırasında faşistlərə qarşı igidliklə vuruşub. Rumıniyanın, Bolqarıstanın, Macarıstanın, Çexoslovakiyanın və başqa ölkələrin faşistlərdən azad edilməsində iştirak edib. Cəbhə qəzetlərində məqalələri dərc olunub.
A.Qritçenko Azərbaycana gəldiyi vaxtdan buranı özünə doğma Vətən seçir.
Qritçenko onlarla kitabların müəllifidir. O, şairdir, yazıçı-publisistdir, jurnalistdir. Kitablarının əksəriyyəti də dəhşətli müharibə illərində qəhrəmanlıq göstərən döyüşçülər haqqındadı. "Yaddaşlarda əbədi qalacaq", "Qələbənin marşalı Jukov", "Odlu illərin qəhrəmanları", "Azərbaycan qəhrəmanları"... və s. kitablarda Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı, rus, ləzgi, tat, avar, gürcü, yəhudi və s. millətin nümayəndələri haqqında müxtəlif məlumatlar var.
Onu neçə illərdir ki, kursantlar, məktəblilər arasında görürük. O, müharibənin dəhşətlərindən, qəhrəmanların igidliyindən danışır.
A.Qritçenkonun adı Moskvada Beynəlxalq Mərkəzin nəşri olan "XX əsrin əsgərləri" tarixi kitabına düşüb.
İlin əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə Aleksandr Qritçenko Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
İctimai fəaliyyətinə görə də dövlətimizin müxtəlif fəxri adlarına, mükafatlarına layiq görülüb.
Svetlana YUSUBOVA, "Azərbaycan Ordusu"