Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 12:30

Azərbaycan faşizm üzərində Qələbəyə layiqli töhfə verib

Mayın 5-də Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, xüsusi təyinatlı hərbi məktəblərin, respublika veteran  ictimaiyyətinin nümayəndələri və Böyük Vətən müharibəsi veteranları iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin, Bö yük Vətən müharibəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri açıq elan edən muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirdi ki, İkinci Dünya müharibəsindən 72 il keçməsinə baxmayaraq, faşizmin bəşəriyyətə vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. "1941-ci il iyunun 22-də Hitler Almaniyası gözlənilmədən 190 diviziya, çoxsaylı hərbi texnika və təyyarələrlə SSRİ-yə hücuma keçdi.   SSRİ-də yaşayan bütün millətlərin nümayəndələri Vətəni qorumaq üçün müdafiəyə qalxdılar.  Azərbaycandan da cəbhəyə 600 mindən çox insan səfərbər olunmuşdu ki, onlardan 300 min nəfəri döyüşlərdə qəhrəmancasına həlak olub... Ulu öndər Heydər Əliyevin bir kəlamını xatırlayıram: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir." Azərbaycandan Böyük Vətən müharibəsində iştirak edən on minlərlə döyüşçü faşistlərlə vuruşlarda rəşadət və qəhrəmanlıq nümunələri göstərdiklərinə görə SSRİ-nin yüksək adları, rütbələri, orden və medalları ilə təltif ediliblər."
Muzey rəisi çıxışında qeyd etdi ki, faşist Almaniyası SSRİ-yə qarşı müharibə planında Qafqazın ələ keçirilməsi, Bakı neftinə sahiblənmək də əsas yer tuturdu. "Odur ki, düşmən əsas zərbəsini Qafqaza yönəltmişdi. O zaman SSRİ neftinin 70-75 faizini Bakı verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakı yanacağı ilə işləyirdi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərilmişdi."
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov isə çıxışında İkinci Dünya müharibəsində Azərbaycan  diviziyalarının xidmətlərindən danışdı. "Müharibə illərində Azərbaycandan cəbhəyə yola salınanların 40 mini könüllülər idi. Ön cəbhədə azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 227-ci, 271-ci, 402-ci, 416-cı diviziyalar döyüşürdü.
Həmyerlilərimiz Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçərək, Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrunda əməliyyatlarda misilsiz qəhrəmanlıq göstərmişdilər..."
Tədbirdə iştirak edən Böyük Vətən müharibəsinin veteranları Bəkir Məmmədov, Məşi Elyasov, İsmayıl Fərəcov və Ağababa İsgəndərov odlu-alovlu döyüş yollarından maraqlı xatirələrini bölüşdülər. O ağır günlərdə xalqımızın istər ön cəbhə, istərsə də arxa cəbhədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan söz açdılar. Onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. Öz döyüş təcrübələrini hər zaman əsgər və zabitlərlə bölüşməyə hazır olduqlarını bildirən veteranlar tədbir iştirakçıları tərəfindən ayaqüstə alqışlandı. 
 Sonda Böyük Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film nümayiş olundu. 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"