Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 12:30

Ömür yolu örnək olanlar

Böyük qələbənin qazanılmasında misilsiz xidmətlər göstərmiş, zəngin döyüş yolu keçmiş insanların həyatı gənclərə örnəkdir. Bu gün də onlar Vətənimizin, xalqımızın nurlu gələcəyi naminə çalışmaqdan yorulmurlar. Goranboy rayonu Tatarlı kənd sakini, el ağsaqqalı, ömrünü, həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş qocaman müharibə veteranı Süleyman Muxtar oğlu Məmmədov da belələrindəndir.
Süleyman müəllim təkcə öz evinin, nəslinin yox, el-obanın ağsaqqalıdır. Silahdaşları kimi Süleyman müəllimin də həyat salnaməsi zəngindir. O, 1918-ci ildə Goranboy rayon Tatarlı kəndində anadan olub, ibtidai təhsilini də bu kənd məktəbində alib. Orta təhsilini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinə qəbul olunub. Həmişə nümunəvi təhsili ilə seçilən Süleyman Məmmədov ali məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra müəllim işləməyə başlayıb. Lakin çox keçməmiş ona çağırış vərəqəsi gəlir. 1942-ci ildə kənd sakinləri Süleyman müəllimi Böyük Vətən müharibəsinə yola salırlar.
Bir müddət təlim keçdikdən sonra azərbaycanlılardan ibarət olan 416-cı milli atıcı diviziyada  xidmətə başlayır. Düşmənə qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak edir.
Oxucularımıza xatırladım ki, 416-cı milli atıcı diviziyanın tərkibi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı və Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, ona "Taqanroq diviziyası" adı verildi. Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçərək, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv edib, 5474 nəfər əsir götürüb, çoxlu döyüş texnikasını qənimət kimi ələ keçirib. Diviziyanın 14396 nəfər əsgər və zabiti SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Onların bir çoxuna xarici ölkələrin orden və medalları da verilmişdi. Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfəri Sovet İttifaqı Qəhrəmanıdır. Diviziyanın özü Qırmızı Bayraq və 2-ci dərəcəli Suvorov ordeni  ilə təltif edilmişdi, onun qələbələri şərəfinə Taqanroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə kompleksi yaradılıb. Taqanroqda, Kiyevdə, Nikolayev, Odessa şəhərlərində və Moskvada diviziyanın döyüş yolunu əks etdirən şöhrət muzeyləri təşkil edilib.
Veteranla söhbətdən öyrənirəm ki, Şimali Qafqazdan  başlanan döyüş yolu Berlinədək davam edib. Bir çox ölkələrin, xalqların faşizm əsarətindən xilas olunmasında onun da xidməti olub. Böyük qələbə naminə əlindən gələni əsirgəməyib. O illərə qayıdan müsahibim deyir:
- Hitler faşizmi o vaxt təkcə Vətən saydığımız ölkə üçün yox, bütün dünya üçün böyük təhlükəyə çevrilmişdi. Bütün ölkələri fəth etmək, əsarət altında saxlamaq istəyən faşizm dünyaya meydan oxuyurdu. O illər çox ağır dövr idi. İkinci Dünya müharibəsindən qalib çıxmağımızın ən böyük səbəbi xalqların birliyi və möhkəm intizam, insanlarda olan vətənpərvərlik idi.
Müharibə başa çatdıqdan sonra Vətəninə qayıdıb və pedaqoji fəaliyyətini davam etdirib. Uzun illər Gəncə Dövlət Universitetində çalışıb, tələbələrinə təkcə elmi biliklər yox, həm də həyatda yaşamağın sirlərini aşılayıb.
Veteran keçən ilin aprelində düşmənin törətdiyi təxribata cavab olaraq Azərbaycan əsgərinin rəşadətli döyüşlərindən də danışdı. Ordumuzun hazırlığı, əsgərlərimizin mərdliyi sayəsində qazanılan qələbədən son dərəcə məmnunluğu hər kəlməsində hiss olunurdu.
- Biz heç vaxt tariximizi unutmamalıyıq, - deyir. - Ermənilərin iblis xisləti, xainliyi, nankorluğu həmişə göz qabağında olub. Fürsət düşən kimi namərd əməlləri üzə çıxır, havadarları hesabına xalqımıza qarşı soyqırımı siyasəti aparırlar. Ötən ilin aprelində isə onlar gördülər ki, Azərbaycan Ordusu güclü, intizamlı bir ordudur. Döyüşçülərimiz düşmənin layiqli cavabıni verdilər. Hətta bir çox əhəmiyyətli yüksəklikləri də düşmən əsarətindən təmizləyib, xalqımıza qələbə sevincini yaşatdılar. Mən bunu eşidəndə çox qürurlandım. Böyük Vətən müharibəsində cəbhələrdə azərbaycanlıların göstərdiyi şücaətləri, qəhrəmanlıqları düşündüm. Həmin qəhrəmanlıq yolu bu gün də Qarabağ cəbhəsində davam edir. İnanıram ki, işğal altında olan torpaqlarımız düşməndən azad olunacaq, Vətənimizin hər yerində əmin-amanlıq yaranacaq.
Süleyman müəllim həm də xoşbəxt ailə başçısıdır. Vətənə, xalqa layiq 6 övlad böyüdüb, tərbiyə edib. Nəvə-nəticələrinin bir çoxu başqa yerlərdə yaşasa da, düşmənlə sərhəddə yerləşən doğma kəndlərini heç vaxt unutmurlar. Ümumiyyətlə, Azərbaycanın bu bölgəsində də yurda, torpağa bağlılıq güclüdür, düşmənlə üzbəüz  kəndin  sakinləri ən çətin günlərində belə evlərini  tərk etməyiblər.
- İndi Tatarlı kəndi Vətənimizin keşiyində sayıq dayanan əsgərlərimiz tərəfindən qorunur. Azərbaycan Ordusu günü-gündən möhkəmlənir. Buna görə də Vətən torpaqları işğal altında qala bilməz. İnanıram ki, Azərbaycan əsgəri öz şərəfli vəzifəsini sonadək layiqincə yerinə yetirəcəkdir. Ən böyük qələbə günü onda olacaq, - deyən nurani ağsaqqal da tezliklə qələbə sevincini yaşamaq arzusundadır.
Söhbətimizdə iştirak edən kəndin təəssübkeş ziyalısı Fuad müəllim deyir ki, Azərbaycanın hər yerində olduğu kimi, bizim rayonda da veteranlar diqqət və qayğı ilə əhatə olunublar. " Rəhbəri olduğum Tatarlı kənd orta məktəbinin kollektivi də tez-tez Süleyman müəllimə baş çəkir, onun mənalı söhbətlərini dinləməkdən yorulmur. Belə görüşlər şagirdlərimizə xoş hisslər aşılayır."
Ataların bir məsəli var: "Yüz yaşa, yüz öyrən". Yəni, insan nə qədər yaşayırsa, bir o qədər də öyrənməlidir. İndi gənc nəsil Süleyman müəllim kimi təcrübəli insanlardan nümunə götürməli, belələrinin ömür yolunu özlərinə örnək bilməlidir.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"