Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 12:30

Unudulmayacaq mükafat

Müdafiə naziri birgə təlimlərdə fərqlənmiş zabiti qiymətli hədiyyə ilə mükafatlandırdı
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərində bölmələrimiz qazandıqları bilik və döyüş vərdişlərini poliqonda nümayiş etdirməyi bacardılar. Təlimləri yaxından izləyən Müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşçülərimizin hazırlığından razı qaldı, təlim meydanında fərqlənmiş hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırdı. Belə hərbçilərdən biri də kapitan Bəhruz Məmmədovdur.
Kapitan Məmmədov əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini motoatıcı ixtisası üzrə bitirib. 2009-cu ildən müxtəlif hərbi hissələrdə xidmət edib.
- İndiyədək dəfələrlə müxtəlif mükafatlara, - təşəkkür və fəxri fərmanlara layiq görülmüşəm, - deyir kapitan. - "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Silahlı Qüvvələrin 95 illiyi" medalları ilə təltif edilmişəm. Bu mükafatların hər biri xidmətimə verilən qiymətdir və mənim üçün əlamətdardır. Bu dəfə birgə taktiki təlimlərdə bölməmizin fərqləndiyinə görə mənə nazirimiz tərəfindən üzərində “Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovdan” sözləri yazılmış qol saatı verildi. Həmin gün həyatımda unudulmaz bir gün oldu.
Təlim zamanı şərti düşmənin dayaq məntəqəsini ələ keçirmək barədə kapitan Bəhruz Məmmədovun bölməsinə tapşırıq verilmişdi. Zirehli döyüş texnikasının köməyilə gücləndirilmiş qruplarla irəli atılan zabit taktiki ustalıq nümayiş etdirərək verilən təlim tapşırığını uğurla yerinə yetirməyi bacardı. Bu, təlim rəhbərliyinin də diqqətindən yayınmayıb. Ona görə mükafatlandırılmaq üçün təqdim edilən hərbi qulluqçular siyahısına kapitan Bəhruz Məmmədovun adı da əlavə edilmişdi.
- Kapitan Məmmədov bölməmizin savadlı, bacarıqlı və tələbkar zabitlərindən biridir, - bizimlə söhbətində zabit Babək Ramaldanov razılıq hissilə qeyd etdi. - Həmişə onun komandiri olduğu bölmə intizamı, döyüş hazırlığı sahəsində qazandığı uğurlarla fərqlənir. Bu bölmənin şəxsi heyəti Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərində də  fərqlənməyi bacardı. Təcrübəli  bölük komandirinə və tabeliyindəki şəxsi heyətə bundan sonra da uğurlar arzulayıram.
Birgə təlimlərdən sonra zabit Məmmədovun və onun tabeliyində olan şəxsi heyətin yüksək əhval-ruhiyyədə olduğunu gördük. Doğrudan da, zəhmətə verilən yüksək qiymət hər kəsdə  ancaq xoş duyğular oyadır.
- Cənab nazirimizin mənə bağışladığı saat heç zaman unutmayacağım bir hədiyyədir və daha həvəslə doğma Vətənimizə xidmət etməyə məni ruhlandırır. Bundan sonra da Azərbaycana şərəf və məsuliyyət hissi ilə xidmət edəcəyəm!

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"