Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 12:30

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi Tovuzda silsilə tədbirlərlə anılıb

Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun xatirəsi xidmət etdiyi Tovuz rayonunda silsilə tədbirlərlə anılıb.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərliyi, qəhrəmanın xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman tovuzluların xatirəsi yad olunub.
Milli Qəhrəman Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissənin qərargahı qarşısında "Şəhid Milli Qəhrəmanlarımız" xatirə abidəsinin açılışı olub. Abidə üzərində Çingizlə yanaşı, 22 yaşında şəhidlik zirvəsinə ucalmış hərbi hissənin yetirmələri olan Milli qəhrəmanlar Qasım Rzayev və Naiq Yusifovun da portretləri əksini tapıb.
Açılış mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək qəhrəmanların həyat və döyüş yolları haqqında ətraflı məlumat verib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev ordumuzun yaranmasında və formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin ordu quruculuğu məsələlərinə daim önəm verdiyini vurğulayıb, ötən ilin aprel döyüşlərində Azərbaycan əsgərinin qazandığı qələbədən söz açıb. Çingiz Qurbanovun qəhrəmanlıqlarından bəhs edən general-mayor Rasim Əliyev hər bir Azərbaycan əsgərinin Ali Baş Komandanın əmrinə müntəzir olduğunu vurğulayıb.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bütün xalqımız kimi, tovuzluların da Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın adlarını həmişə əziz tutduqlarını, onların xatirələrinin əbədiləşdirildiyini, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. O, şəhid atası Salman Qurbanovu əmin edib ki, onun qəhrəman övladı Çingiz Qurbanovun xatirəsi də tovuzluların yaddaşından heç vaxt silinməyəcək.
Tofiq Zeynalov rayonun Ağbulaq kəndində mərkəzi küçəyə Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun adının verildiyini qeyd edib.
Bu münasibətlə kənddə keçirilən tədbirdə sakinlər Çingiz Qurbanovun qəhrəmanlığı ilə fəxr etdiklərini və onun xatirəsini həmişə uca tutduqlarını deyiblər.
Tədbir iştirakçıları Çingiz Qurbanovun xidmət etdiyi döyüş mövqeyində olub, Müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq, şəhid Milli Qəhrəmanın xidmət etdiyi posta Çingiz Qurbanovun adının verilməsi və qəhrəmanın adının bölüyün şəxsi heyətinin əbədi siyahısına daxil edilməsi barədə əmr şəxsi heyətə çatdırılıb. Döyüş postuna xatirə lövhəsi vurulub. Çingiz Qurbanovun Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-diversiya fəaliyyətinin qarşısını alarkən göstərdiyi igidlikdən bəhs edən xatirə guşəsi qonaqlarda böyük maraq oyadıb.
Sonra Milli Qəhrəman Çingiz Qurbanovun xidmət etdiyi taborda anım mərasimi keçirilib.
Anım mərasimindən sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər. Tovuz rayon incəsənət ustaları vətənpərvərlik mahnıları ilə tədbir iştirakçılarını salamlayıblar.
Şəhid Milli Qəhrəmanın atasına xatirə hədiyyələri təqdim edilib.
Çingiz Qurbanovun atası Salman Qurbanov ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eləcə də tədbirlərin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.