Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:40

O yollar yenə də bizim olacaq...

Baharın gözəlliyi, Qarabağımızın təbiəti bizləri özünə bağlayıb. Yaşıllıqlar dağlara-dərələrə, düzlərə xüsusi gözəllik gətirib. Magistral yol boyu uzanan düzlərdə həmişəkindən fərqli bir görüntü hakimdir. Yamyaşıl otlar arasında baş qaldıran al-əlvan çiçəkləri görüncə bir anlıq ayaq saxlayırsan. İlahi gözəlliyi insanların yaratdığı gözəllik tamamlayır. Dayanıb bu gözəlliyi yaxından izləmək istəsək də, yol bizi alıb aparır.
Yol müqəddəsdir deyiblər. Həyat yolla başlayır, yolla bitir. Yollar da insanlar kimi Vətən uğrunda döyüşür, vuruşur, qəhrəman olur, müqəddəs savaşlarda qəhrəmanlıq göstərən oğullarımızı, qızlarımızı sinəsində daşıyır. Müqəddəs savaşlarda yaralanır, şəhid olur, bəzən özü də güllə yarası, qəlpə yarası, söz yarası alır. Bir il əvvəl aprel döyüşlərində olduğu kimi. Getdiymiz yollar bizi həmin qəhrəmanlığın ünvanı olan yerlərə aparır.
Yolun sağında aprel şəhidlərinin şərəfinə ucaldılmış abidə diqqətimizi özünə cəlb edir. Tarixi sinəsində yaşadan abidələr həmişə diqqəti özünə çəkir. Şəhid oğullarımızın ruhu qarşısında baş əymək, yaxın keçmişimizin qəhrəmanlarını yad etmək borcumuzdur.
İgidlərimizin şərəfinə ucaldılmış abidə qarşısında xüsusi bir cazibə qüvvəsi, sehirli ab-hava hiss edirəm. Elə bil tarixin nəfəsini duyuram, bu ünsiyyəti heç nə ilə əvəz etmək mümkün deyil. Ətrafda hökmranlıq edən səssizlik, lal sükut insana bütün mətləbləri diktə edir.
Qəhrəmanlarımıza baxıram. Tarixin amansız sınaqları bizləri zəifliyə məhkum edə bilməyib. Əksinə, milli mübarizə ruhumuzu möhkəmləndirib. Babəklər, Cavanşirlər, Mübarizlər, Fəridlər, Çingizlər yurdu daim belə oğullar yetişdirib. Onların keçdiyi yollar hər birimizi mübarizəyə, yollarımıza, göylərimizə qovuşmağa səsləyir.
Dünyaları ruhlarına sığdıran bu oğullar bu darısqal dünyaya sığmır... Onların ruhu hayqırır: düşmən izini torpağımızdan silin, Qələbənin davamını gətirin, Cocuq Mərcanlıdan keçib Şuşaya çatın!..
Aprel döyüşlərinin iştirakçısı zabit Seymur Həbibullahov sükutu pozur: "Onlar bir ömür yaşadılar, gözəlliklər yaradan çiçəklər kimi. Ancaq elə bil ki, təbiətin qanunlarına üsyan etdilər, nə saraldılar, nə də soldular. Yaddaşlarda qəhrəman kimi qalacaqlar. Ömürlərinin bahar çağında Vətən uğrunda canlarını qurban verən oğulların ruhu da, sıradakı əsgərlər də yurdumuzun hər yerinin əbədi laləzara çevrilməsinin cəfakeşidi. Məzarları müqəddəs ziyarətgaha çevrilmiş şəhidlərimizin hər dəqiqə, hər an canlarını qurban verdikləri amal, əqidə uğrunda mübarizəni ruh qiyafəsində davam etdirirlər. Şəhidlərimiz zaman-zaman Azərbaycanımızı yadellilərin basqınlarından qoruyaraq tarixin şanlı səhifələrini öz qanları ilə yazıblar."
Gözlərindən gördüklərimi gözümə yığıram. O gözlər deyir ki, bizim abidənin qarşısında kədərlənməyin, inamınızı silah eləyin: torpaqlarımız işğaldan azad ediləcək!
Yol bizi müqəddəsliyə - Cocuq Mərcanlıya doğru aparır, Şuşaya doğru aparır. Yolun sağında "Cocuq Mərcanlıdan Şuşaya" plakatı ruhumuzu titrədir. Bu yazını əsgərlərimizə, hər birimizə verilən müqəddəs əmr, bir neçə dəqiqə əvvəl qarşısında baş əydiyim şəhidlərimizin xahişi hesab edirəm.
Ahmet Kutsi Tecerin yazdığı şeir məni rahat buraxmır:
Orda bir yol var uzaqda
O yol bizim yolumuzdur.
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur.
Bəli, gəldiyimizin davamı o yoldur. Bizi Cocuq Mərcanlıdan Şuşaya və digər torpaqlarımıza bu yol aparacaq. Yol davam edir, hələ ki, Cocuq Mərcanlıdan Şuşaya getməsək də bilirik ki, o yol bizim yolumuzdur. O yol bizi qəribsəyən torpaqlarımıza aparacaq. Yaxın zamanlarda bizi bu yola qovuşduracaq oğullarımızla səngərdə həmsöhbət oluruq.
Leytenant Rəşad Süleymanov bildirir ki, Cocuq Mərcanlının, Lələtəpənin azad olunması ilə, Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması, kənddə yeni infrastrukturun yaradılması hər kəsin arzusu idi. "Bu arzumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə gerçəkləşdi. Bu sərəncamla ümid işığımız daha gur yandı. Qarabağa gedən yolun astanasında olmağımıza daha heç bir şübhə qalmadı."
Əsgərlərdən biri leytenantın fikrinin təsdiqi kimi qeyd etdi ki, bir il əvvəl polad biləkli igidlərimiz gedə bilmədiyimiz, görə bilmədiyimiz kəndin yolunu açdı. "Oğullar Lələtəpə zirvəsini fəth edib Cocuq Mərcanlı kəndini də azadlığa qovuşdurdular, bu yolda canlarını fəda etməkdən çəkinmədilər."
- Ordumuzun uğurunu xalqımız çoxdan gözləyirdi, - deyə əsgər Elton Salahov söhbətə başlayır. - Bu gün bizdə ruh yüksəkliyi, döyüş əzmkarlığı, qələbə niyyəti var. Şəhidlərimizə görə kədərlənirik. Amma  şəhidsiz Vətən olmur. Mənim də ən böyük arzum torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir. Bu yolda şəhidliyi özümə ucalıq bilirəm.
Gəldiyimiz yolla geri qayıdırıq. Fikrim əsgərlərin yanında, xəyalım Qarabağa gedən yoldadır. Ümidlərimizi, istəklərimizi Cocuq Mərcanlıdan da o yana səsləyən yoldadır. Tezliklə bu yolun yolçuları olacağıq!..

Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"
foto
çavuş Namiq PƏNAHOVUNDUR