Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:39

Nümunəvi taqım komandiri

Zabit çətin, məsuliyyətli peşə olsa da, şərəflidir. Əslində, bu peşəni qiymətləndirən mühüm cəhət onun Vətəni qorumaq sənəti olmasındadır. Zabit peşəsini hər bir gənc öz ürəyinin səsi ilə seçməli və onun çətinliklərinə hər addımda hazır olmalıdır. Ömrünü şərəfli zabit peşəsinə həsr etmiş bacarıqlı hərbçilərimizdən biri - baş leytenant Nurlan Məmmədov haqqında söhbət açacağam.
1990-cı ildə Bakı şəhərində dünyaya göz açmış müsahibim hələ erkən yaşlarından hərbi peşəni seçməyə qərar vermişdi. Orta təhsil illərində əlaçı oxumağı, arzu və düşüncələri ilə sinif yoldaşlarından fərqlənən yeniyetmə 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 3 ildən sonra qəbul imtahanlarını uğurla verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "motoatıcı" ixtisası üzrə təhsilini davam etdirir. Bacarıqlı zabit olacağına söz verən gənc bölmənin nümunəvi kursantlarından biri oldu, hərb peşəsinin nəzəri və praktiki sirlərini dərindən öyrəndi və 2013-cü ildə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinə taqım komandiri vəzifəsinə təyin olundu.
O, hərbi hissənin nümunəvi və bacarıqlı zabitlərindəndir. Onun xidmətdə qazandığı uğurları həm doğma kollektivinə, həm də valideynlərinə baş ucalığı gətirir.
Tabeliyindəkilərə qarşı tələbkar və qayğıkeş olan zabitimiz bildirdi ki, hər bir zabit şəxsi heyətin təlim-tərbiyəsində müasir metod və üsullardan istifadə etməlidir. - Azərbaycan əsgəri adını şərəflə daşıyan gənclərimiz hərbi xidmət dövründə döyüş vərdişləri qazanmaqla Vətənimizin etibarlı döyüşçüləri kimi yetişirlər. Orduda komandirlərin də əsas vəzifəsi əsgərlərimizi peşəkar döyüşçü kimi hazırlamaqdır, - deyən taqım komandirinə görə, əsgərə göstərilən diqqət və qayğı onu nümunəvi xidmət etməyə ruhlandıran əsas amillərdəndir.
Şübhəsiz ki, ön xətdə çətin şəraitdə Vətənə övlad borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımda komandirinə inanmalıdır. Əslində, bu mövqelərdə döyüş tapşırığını yerinə yetirmək vəzifəsi komandirlə əsgəri bir amal ətrafında birləşdirir - Vətəni qorumaq, müdafiə etmək və işğaldakı torpaqlarımızı azad etmək. Bu amal əsgərlə komandir arasında qardaş, sirdaş, ən əsası komandir-əsgər dostluğunun əsasını qoyur. Elə zabit Nurlan Məmmədov da şəxsi heyətlə bu cür münasibətlər yaradır. "Çalışıram ki, hər bir əsgər ürəyindəkiləri  məndən gizli  saxlamasın. Problemi olan əsgərlə fərdi söhbət aparıram, birlikdə müzakirə edirik. Belə munasibət şəxsi heyətdə inam və etibar hisslərini gücləndirir".
Gənc zabitlə söhbətim maraqlı alındı. Bir hərbçi kimi onda gördüyüm yüksək vətənpərvərlik, tutduğu yolun gələcəyinə, ən əsası isə qələbəmizə inam hissləri ürəyimi sevinclə, qürurla doldurdu. O, hər an döyüşə hazır olduğunu, Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad olunması əmrini səbirsizliklə gözlədiyini bildirdi. Hər sahədə, döyüşçülərimizin ruh yüksəkliyi baxımından da düşməndən qat-qat üstün olduğumuzu, aprel döyüşlərində ordumuzun qazandığı uğurla fəxr etdiyini dönə-dönə vurğuladı. Zabitə görə, mənfur düşmənin özü də artıq üstünlüyümüzə bələddir və hər zaman vahimə, qorxu içərisindədir.
Zabit Rəşad Gülməmmədovun da tələbkar komandir haqqında fikirlərini qeyd etmək yerinə düşərdi. O, söhbətimizdə bildirdi ki, baş leytenant Nurlan Məmmədovun nümunəvi xidməti digər hərbi qulluqçularımıza layiqli örnəkdir. "Bu gün Azərbaycan Ordusunun qarşısında ən mühüm vəzifə - torpaqlarımızın düşməndən azad edilməsi vəzifəsi dayanır. Bu vəzifə hər birimizdən məsuliyyətli, vətənpərvər olmağı tələb edir. Zabit Nurlan Məmmədov da tabeliyindəkiləri vətənpərvər bir döyüşçü kimi formalaşdırır. İnanıram ki, o tabeliyindəkilərlə birgə döyüş meydanında yalnız uğurlara nail olacaqdır. "
Ömrünü xalqa, Vətənə bağlayan hər bir hərbçi yaxşı bilir ki, həyatı Vətənlə yaşamaq gözəldir. Biz də zabitimizə "Vətən sizin kimi oğulları ilə fəxr edir", - deyərək, seçdiyi şərəfli hərbçi həyatında ona uğurlar arzulayırıq.

Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu"