Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:36

“Yenə hərbi xidmətdəyəm!..”

Bu ilin aprelində ötən ilin aprelinin ovqatını yaşadanlardan biriylə görüşəcəkdim. Görüşdük. O xoş anlar ürəyimi telləndirdi, ruhumun sığalına döndü...
2016-cı ilin aprel döyüşləri tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu döyüşlərin tarixi əhəmiyyəti haqqında deyib: "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir", "Aprel döyüşləri dərsliklərə salınmalıdır". Bu kəlamlar Azərbaycanı Böyük Qələbəyə kökləyib...
Aprel döyüşlərinin iştirakçılarıyla kəlmələşmək mənə həmişə mahiyyəti qürur olan könül xoşluğu verib. "Lələtəpə", "Bayraqtəpə" kitablarımın davamı bilmişəm...
Polkovnik-leytenant Eldəniz Sadıqovla bu ovqatı yenidən yaşayırıq. Düşüncələrimizin məhvəri 2016-cı ilin aprel döyüşləridi. Azərbaycan əsgərinin tarix yazdığı döyüşlər, tarixləşdirdiyi döyüşlər...
Müharibənin nə olduğunu yeniyetməliyində, gəncliyinin ilk çağlarında Tovuz rayonunun Əsrik-Cırdıxan kəndində duyan, görən, yaşayan, torpaqlarımız işğal ediləndə yumruqları düyünlənən, qəzəbi kükrəyən gənclərdən biri kimi hərbçi olmağı qərara alıb. Qərarı 1993-cü ildə gerçəkləşib...
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Bir gün eşidib ki, ermənilərin atdığı mərmilərdən biri evlərinə düşüb. Atası Gülməmməd yaralanıb. Kursant Eldəniz Sadıqov leytenant Eldəniz Sadıqov olacağı günün tezləşməsini qədərsiz intizarla gözləyib...
Zabit kimi müxtəlif hərbi hissələrdə xidmət edib.
Və 2016-cı ilin aprel döyüşləri...
...Kəşfiyyat məlumatlarını təhlil etdilər. Dəqiqləşdirdilər ki, düşmən cəbhə-müdafiə xəttini taktiki qruplarla yarmaq niyyətindədi. Müdafiəni gücləndirdilər. Müşahidələrin şəbəkəsini genişləndirdilər. Gecəgöstərmə cihazlarının köməyi ilə müəyyənləşdirdilər ki, düşmən Tapqaraqoyunlu istiqamətindən, həm də tanklarla hücuma keçmək niyyətindədi.
Tanklarımızı münasib ərazilərdə, ehtiyat bölmədə yerləşdirdilər ki, ehtiyac duyulan mövqelərə operativ göndərmək mümkün olsun...
Döyüş əmri verildi...
Keçid açılmalıydı. Düşmənin mövqelərini minaatanlardan atəşə tutdular...
Talış kəndi istiqamətində hücuma keçdilər... 
Komandirlər əsgərlərin döyüş əzmini, qələbə istəyini aydınlığıyla sezirdi...
Döyüş Gün yaxana kimi davam etdi. Zabitlər də, əsgərlər də mərdliklə döyüşürdü. Son vaxtlar atəşkəsi pozan, tutarlı cavab alsa da, yenidən həmləyə keçmək istəyən düşməni bu həndəvərlərdən uzaqlaşdırmaq, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşurdu...
Azərbaycan əsgərinin qətiyyəti düşməni güllə-güllə geri çəkilməyə məcbur edirdi. Bu döyüş vətənpərvərliklə işğalın döyüşüydü. Gün yaxandan az sonra düşmən davam gətirə bilmədi,  geri çəkildi - qaçdı...
Polkovnik-leytenant Eldəniz Sadıqovun əmriylə ehtimal olunan təhlükələri qabaqlamaq məqsədi ilə postlara baxış keçirildi. Düşmən postlarında xeyli hərbi sursat - bir AQS, bir neçə binokl, postların yaxınlığında bir ZİL, bir QAZ-53 avtomaşını qalmışdı...
Alınmış postlarda möhkəmləndilər. Səhərə yaxın düşmən bu mövqelərə hücum etdi. Bu əhəmiyyətli mövqeləri saxlamaq, döyüşlərin gedişinə təsir göstərmək istəyirdi. Düşmənin gözlənilən gözlənilməz hücumunu da mərdliklə dəf etdilər. 70-ə yaxın düşmənin irəliləməsinə imkan vermədilər. İki döyüşçümüz yaralandı...
Eldəniz Sadıqov da atışırdı. Qəflətən hiss etdi ki, bir qədər aralıda kimsə yaralandı. Atışa-atışa ora yaxınlaşdı. Yaralını təhlükəsiz yerə çəkib yenidən atışmaq üçün mövqe tutdu. Düşmən xeyli itki verərək geri çəkildi...
Aprel döyüşlərinin üçüncü günüydü. Xeyli ərazi düşməndən təmizlənmişdi. Düşmən gözləmədikləri məqamda hücum edə bilərdi. Belə bir gərginlik işində əlavə səngərlər qazılırdı. Eldəniz qəflətən minaya düşdü. Sağ ayağını pəncədən aşağı, sol ayağının dabanını itirdi...
Polkovnik-leytenant Eldəniz Sadıqov müalicə olundu. Hərbi xidmətini davam etdirir. Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbirdə görüşmüşdük. Qürurla yenə xidmətdə olduğunu dedi. Bu qüruru Azərbaycan Ordusunun zabitlərinin də, əsgərlərinin də yüksək döyüş, mənəvi-psixoloji hazırlığa malik olduğunu deyən, bu kəlmələrin sevincini yaşayan polkovnik-leytenant Eldəniz Sadıqovun iki qızı, bir oğlu da yaşayır. Həm də dönməz sevinclə yaşayır: atamız aprel döyüşlərində iştirak edib! Atamız yenə hərbi xidmətdədi!..

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"