Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:35

“Şahin”lər paytaxt birinciliyində...

Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirildi. Yarışda iştirak edəcək komandalar meydanda öz yerini tutmuşdu.
Yarış rəsmi ritualların yerinə yetirilməsi ilə başlandı. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini oxudular.
İlk olaraq çıxış edən C.Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Elman Namazov mərasim iştirakçılarını Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayaraq qeyd etdi ki, hər il respublika məktəbliləri arasında keçirilən belə mötəbər yarışlara ev sahibliyi etməkdən qürur duyuruq. "Bu gün "Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirilir. İnanıram ki, budəfəki birincilik də maraqlı və gərgin keçəcək".
Gənclərin hərbi vətənpərvərlik, Vətənə, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, onların ordu sıralarına hazırlanmasında "Şahin" hərbi-idman oyunlarının əhəmiyyətindən danışan natiq ulu öndərimiz Heydər Əliyevin gənclərə tövsiyəsini də vurğuladı. "Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci orduya hazırlaşdırmaqdan ibarət olmalıdır. Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır. Mən bunu gənclər təşkilatının əsas vəzifəsi hesab edirəm.
Siz Vətənimiz Azərbaycanın inkişafı və ordumuzun daha da güclənməsi naminə daim çalışmalı, oxumalı, həm fiziki, həm də mənəvi-psixoloji hazırlığınızı daim artırmalısınız. Ölkəmizin çiçəklənməsi, tərəqqisi və müdafiəsi naminə hər an mübarizəyə hazır olmalısınız!"
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Şaiq Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqaları çıxış edərək məktəblilərə yarışda uğurlar arzuladılar.
"Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyində 14 komanda iştirak edirdi.
Yarışın qaydalarına əsasən, komanda üzvləri 8 maneə zolağından keçməli idilər. Sıra hazırlığı mərhələsi başa çatdıqdan sonra məktəblilər avtomatın sökülüb-yığılması və tüfəngdən hədəfə atəş açılması məntəqəsinə yollandılar. Hərəkətlərindən hiss olunurdu ki, onlar yarışa ciddi hazırlaşıblar.
Komanda üzvləri atış çalışmasını yerinə yetirdikdən sonra kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, tel əngəlinin dəf edilməsi, çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, mülki müdafiə və başqa mərhələlərdən keçməyə başladılar.
Nəhayət, həyəcanlı dəqiqələr arxada qalır. Bir azdan qaliblər elan edilir. "Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyinin qalibi adını Xətai rayonunun komandası qazanır. İkinci yerə Nizami, üçüncü yerə isə Yasamal məktəbliləri çıxırlar.
Sonda qalib komandaya yarışın kuboku təqdim olundu. İkinci və üçüncü yerə çıxmış komandaların üzvləri isə fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına Hərbi Lisey