Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:35

Vətən qorunur!

Hava günəşli olduğu üçün o qədər də soyuq deyildi. Dağların bir üzü yenicə yaşıllaşmağa başlayan ağaclarla, digər üzü isə günorta saatlarında günəş şüasının dəyib əridə bilmədiyi qarla örtülmüşdü. Uzaqdan baxanda sanki bir tərəfdə çiçək açmış baharı, digər tərəfdə isə qarlı-şaxtalı qışı görürsən. Ağacların sıx kölgə saldığı cığırla döyüş postuna çatırıq.
Bizi zabit Roman Abıyev qarşılayır. Uşaq yaşlarından Vətən sevgisi, hərb sənətinə marağı leytenant Roman Abıyevin hərbçi kimi yetişməsinə səbəb olub. Atası Qalib kişi də, anası Nəzakət xanım da, zabit dostu Nurlandan stimul alıb hərb yolunu seçən gəncə xeyir-dua verərək torpaqlarımız uğrunda son qanına qədər döyüşməyi tapşırıblar.
Roman Salyanda Yusif Qasımov adına 4 saylı orta məktəbi bitirib. 2009-2012-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası  üzrə hərbi təhsil alıb. Sonra gənc zabit ön xətdə yerləşən hərbi hissəyə taqım komandiri təyin edilib. Hərbi təhsil aldığı illərdə ciddiyyəti, savadı və tələbkarlığı ilə seçilən Roman yoldaşları arasında xüsusi hörmətə malik olub.
Həmsöhbət olduğumuz zaman, özünün də fəxrlə vurğuladığı kimi, uşaq yaşlarından anası Nəzakət xanımın Qarabağ həsrətli laylaları, atası Qalib kişinin düşmənə nifrəti, müəlliməsi Simuzər xanımın aşıladığı Vətən sevgisi onun həyat amalını müəyyənləşdirib. Motoatıcı ixtisasını dərindən öyrənməsində isə hərbi təhsil müəssisələrindəki müəllimlərinin böyük əməyi olub. Gənc zabit dedi ki, Vətən uğrunda canından keçən şəhidlər onun üçün həyat dərsi, təcrübəli zabitlər isə örnək olan qüvvədir.
Leytenant Roman Abıyev indi əsgərləri üçün təcrübəli komandirdir. Onlar arasında mehribanlıq, səmimiyyət və qorxmaz mühit yaradan zabit hər an döyüşə hazır bir taqım formalaşdırıb. Tabeliyindəki şəxsi heyətlə daim söhbətlər aparır, onların qayğısına qalır, bacardığı qədər bütün problemləri həll etməyə çalışır. Roman Abıyev hər şeydən əvvəl Vətənini sevən oğul, düşməni qorxuya salan zabitdir.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə cavabdeh zabitlərdən olan Rüstəm Məmmədov söhbətində Romanın xarakterinin incəliklərindən danışarkən onu "Qorxmaz Vətən oğlu" adlandırdı. Burada bütün zabitlər Romanın tələbkarlığından, nizam-intizamlı və döyüşə hazır şəxsi heyət yetişdirməsindən söz açmağı özlərinə borc bilirlər.
- Əsgərlərin qorxmazlığında, silah-texnikaya bələd olmasında, döyüş hazırlığında gənc komandirin misilsiz əməyi var. Bu gün döyüş postunda xidmət edən əsgərlər Rauf Rüstəmzadə, Famil Əliyev, Elmin Nadirşahov, Elşad Əliyev və başqalarının döyüş bacarığına yiyələnməsində əməyi olması onun komandir nüfuzu qazanmasının əyani sübutudur, - deyə təcrübəli zabit vurğuladı.
Onu da deyək ki, Roman üç il idmanla məşğul olub. Güləşlə məşğul olduğu illərdə rayon və respublika səviyyəsində keçirilən yarışlarda bir neçə dəfə fəxri pilləyə yüksəlib. Həyatındakı uğurlarına idman döyüşlərindən başlayan zabit zəfərə gedən yoluna Vətən uğrunda döyüşlərlə davam etmək niyyətindədir.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR