Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:32

Yazıçı ilə görüş

Bədii əsərlər həyatı əks etdirir. Bu və ya digər mövzuda yazılmış əsərlər mahiyyəti etibarilə cəmiyyət-vətəndaş münasibətinə yönəldildiyindən insanların xarakterinin, oxucuların dünyaduyumunun formalaşmasında əhəmiyyətli rol oynayır.
Obrazların daxili aləminin açılmasında vasitə olan bədii ədəbiyyatda təkcə hadisələr təsvir edilmir, belə əsərlərdə həm də bu və ya digər hadisənin timsalında islah ediləsi xarakterlər, dünyagörüşlər də təqdim olunur.
Elxan Elatlı detektiv mövzuda yazan yazıçıdır. Onun əsərlərində ideyalılıq özünü cinayət işinin açılması prosesində göstərir. Obrazlarda sosial mühit, mühitin xarakterə təsiri, xarakterin mühitə "üsyanı" və s. kimi motivlər diqqəti çəkir.
H.Aslanov adına Mərkəzi Zabitlər Evində Elxan Elatlı ilə keçirilən görüşü Gülxar Məmmədova açaraq yazıçının özü və yaradıcılığı haqqında müfəssəl məlumat verdi.
Bu görüş, əslində, çağdaş detektiv ədəbiyyatla hərbçi-oxucuların görüşüydü. 21 roman müəllifinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yazdığı əsər gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli nümunədir. Məhz buna görə də bu əsər haqqında o, daha müfəssəl danışdı.
Yazıçıya ünvanlanan suallar diqqəti təkcə oxucu marağı ilə çəkmədi, bu suallar həm də həyat hadisələrinə fəal oxucu marağı  baxımından maraqlı idi. Hər sual yaradıcılıq prosesinin bir çalarına istiqamətlənsə də, ümumilikdə yazıçı-oxucu dialoqu təsiri bağışladı.
Elxan Elatlı görüşə dəvət edildiyinə görə H.Aslanov adına Mərkəzi Zabitlər Evinin rəhbərliyinə təşəkkürünü bildirdi...

"Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR