Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:31

Gənclərin hərbə marağı böyükdür

Hər il yüzlərlə gənc hərbçi olmaq arzusu ilə C.Naxçıvanski adına Hərbi Liseyə üz tutur. Onlar sınaqlardan uğurla keçərək kursant adını qazanırlar. Bu gün məktəblilər yenə də böyük həvəslə bu təhsil ocağına gəlirlər.
Sənədlərin qəbulu, aparılan hazırlıq işləri ilə yaxından tanış olmaq üçün əvvəlcə qəbul komissiyasının üzvü mayor Rauf Nəbiyevlə görüşüb söhbət etdik. O bildirdi ki, qəbul qaydalarına uyğun olaraq komissiyaya müraciət edənlər qeydiyyata alınır, sənədlər hərtərəfli yoxlanır. "Sonra onlara tibbi komissiyadan keçmək üçün bildiriş verilir. Namizədlərin qarşılanması və sənədlərin hazırlanıb yoxlanılması üçün burada hərtərəfli şərait yaradılıb. Biz bu şəraitdən istifadə edərək gənclərə yüksək səviyyədə xidmət göstərməyə çalışırıq".
Valideynlərdən Elsevər Nəcəfov razılıq edərək dedi ki, komissiya üzvləri müraciət edənlərə diqqətlə yanaşırlar. “Hələ kiçik yaşlarından oğlum Kənanın hərbə böyük marağı var, zabit olmaq istəyir. Artıq sənədlərimizi qəbul etdilər. Oğlumun hazırlığı yüksəkdir. İnanıram ki, istəyinə çatacaq”.
Tibb komissiyasında da böyük canlanma var idi. Namizədlər növbə ilə bir-bir komissiyadan keçirdilər. Tibb komissiyasının sədri tibb xidməti mayoru İlkin Səmədovla görüşdük. O dedi ki, namizədlərin sağlamlığını yoxlamaq üçün məntəqə müasir tibbi avadanlıqlarla təchiz edilib. “Komissiyaya ən bacarıqlı həkim-mütəxəssislər cəlb olunub. Bir sözlə, hazırlıq işlərinə əvvəlcədən diqqət yetirdiyimizə görə indi işlərimiz qaydasında gedir".
Budur, laborant Xəyalə Şərifova namizədlərdən qan analizləri götürür. Həkim-mütəxəssis Validəxanım Sadıqova ultrasəs, baş çavuş Kamala Babayeva elektro-kardioqrafiya müayinəsi  aparır. Hamının məqsədi birdir: az vaxt ərzində və dəqiqliklə namizədlərin tibbi komissiyadan keçirilməsinə nail olmaq.
Tibbi komissiyadan yararlı çıxan namizədlər artıq elektron  ərizələrini təsdiq etmək üçün qəbul komissiyasına müraciət edirlər. Elektron ərizələrin təsdiqi komissiyasının sədri mayor Mirvaleh Muradov bildirdi ki, bütün lazımi texniki avadanlıqlar quraşdırılıb və ərizələr Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən qeydə alınır. Komissiya üzvlərindən mayor Elvin Əhmədov və kiçik çavuş Şövkət Əliyeva elektron ərizələrin təsdiq olunmasında fəallıq göstərirlər.
Qəbul komissiyasında Hərbi Liseyin psixoloqu Rövşən Vəliyev də iştirak edir. O bildirdi ki, həm kursantlarla, həm də onların valideynləri ilə görüşüb fərdi söhbətlər aparır. Hiss edir ki, gənclərin hərbi sahəyə marağı daha da artır.
Elektron ərizələri qeydə alınmış namizədlərdən Samir Əhmədov, Rüstəm Mövsümov, Əmiraslan Qurbanov, Maarif Məmmədli, Nicat Nuruyev, Nazim Osmanov və başqaları ilə görüşüb söhbət etdim. Yaradılan yüksək şəraitə görə hər kəs Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirdi.
C.Naxçıvanski adına Hərbi Liseyə sənədlərin qəbulu aprelin 1-dən başlayıb. Bu günə qədər hərbçi olmağa maraq göstərən yüzlərlə gənc artıq qeydiyyatdan keçib. Müşahidələr onu göstərir ki, bu il hərbi təhsil ocağına sənəd verənlərin sayı ötən illərə nisbətən xeyli artıb. İnanırıq ki, sevgi və istəklə hərbi məktəblərə üz tutan gənclər bir neçə ildən sonra ordumuzun peşəkar zabitləri olacaqlar.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına Hərbi Lisey