Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:34

Düşmənin ayaq izləri yurdumuzdan silinəcək

Ezamiyyətdə olduğumuz zaman həmişəki kimi səngərə - əsgərlərimizlə görüşə can atırıq. Gözlərimiz təbiət gözəlliklərinin axtarışındaykən yolun solundakı düzənlikdə bir qrup şəxsi heyətin toplaşdığının şahidi oluruq. Öyrənirik ki, öz bilik və bacarıqlarını təkmilləşdirmək üçün minaatan bölmələrinin şəxsi heyəti təlim keçir. 
- Cəbhəboyu zonada yerləşən hərbi hissənin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır, - deyə taqım komandiri leytenant Əli İmamquliyev söhbətə başladı. - Dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan şəxsi heyət 60 millimetrlik minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikasını, canlı qüvvəsini və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir. Keçirilən məşqlərdə bölmələrin “döyüş” və “səfər” düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir. Bu təlimlərdə əsas məqsəd əsgərlərin vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir döyüş hazırlığının səviyyəsinin artırılmasından ibarətdir.
Göyçay rayonundan hərbi xidmətə çağırılan əsgər Sadiq Hacıyev bildirdi ki, döyüş hazırlığı planına uyğun olaraq zabitlərimiz tərəfindən keçirilən təlim-məşq toplantıları xüsusi əhəmiyyətə malikdir və onların döyüş vərdişlərinin artmasına xidmət edir: "Bizim başlıca məqsədimiz hərbi bilikləri mənimsəməkdir. Məhz dərindən öyrəndiklərimizin hesabına düşmənə qalib gələ bilərik. Aprel döyüşləri sübut etdi ki, aparılan əməliyyatlarda artilleriya xüsusi əhəmiyyətə malikdir”.
Əsgər Araz Babayev də qeyd etdi ki, təlimlərin hesabına döyüş hazırlığımız yüksəlir. "Biz artıq 60 millimetrlik minaatan silahının istismar xüsusiyyətlərini mükəmməl mənimsəmişik. Döyüşmək üçün təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini bilmək vacib şərtdir. Bu amil qazanılacaq qələbədə böyük əhəmiyyət kəsb edir. Lakin ən mühüm amil düşmənləri qəlbimizdəki Vətən sevgisinin atəşi ilə məhv etməkdir.
- Bəli, bir övlad olaraq ana Vətənimizə - Azərbaycanımıza borcluyuq, - deyə əsgər Rahil Cəbrayılov söhbətə qoşuldu. - Əsl vətənpərvər o adama demək olar ki, o, öz Vətənini bütün qəlbi ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Mübariz İbrahimov, Çingiz Qurbanov kimi qəhrəmanlarımız bizlərə nümunədirlər.
İmişli rayonundan olan əsgər Barat Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan söz açdı: "Ölkə və ordu rəhbərliyindən göstərilən yüksək diqqət və qayğı hər birimizdə Qələbə ruhunu yüksəldib. Artıq Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Düşmən də verdiyi açıqlamalarda öz məğlubiyyətlərini etiraf edir, xüsusən aprel döyüşlərindən sonra. İndi Azərbaycanın həm hərbi, həm psixoloji baxımdan üstünlük qazandığı inkar edilməz səviyyədədir. İnanırıq ki, bu üstünlüklər xalqımızın səbirsizliklə gözlədiyi Qələbəyə gətirib çıxaracaq".
Əsgərlərimizin söylədiyi fikirlərin təsiri altında onlardan ayrılıram. Yolboyu içimdə bir fikir tüğyan edir: “Tezliklə igid oğullarımız sənin hər bir oylağından  düşmənin ayaq izlərini siləcək, Vətən!”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR