Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:30

Diqqət də var, qayğı da...

Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Fəxrlə deyə bilərik ki, Silahlı Qüvvələrimiz gündən-günə hərbi qüdrətini artıraraq bizə düşmən kəsilənləri qorxuya salıb. Ordunun maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətimizin qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlərimiz torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.
Son illər ölkəmizin etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində müasir hərbi hissə və şəhərciklər tikilərək istifadəyə verilib. Təmas xəttində, mürəkkəb relyef şəraitində yerləşən hissə və bölmələrdə möhkəm müdafiə potensialı yaradılıb.
"N" hərbi hissəsində müasir tələblərə cavab verən əsgər yataqxanası ilə tanış olduq. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit Vüqar Hüseynova görə, ölkəmizdə əsgər adına verilən yüksək qiymət döyüşçülərimizin daha yaxşı xidmət etmələri üçün yaradılan hərtərəfli şəraitdən bəllidir. "İndi əsgərlərimiz ən müasir yataqxanalarda yaşayır, Vətənimizi göz bəbəyi kimi qoruyurlar".
Zabit bizə məlumat verdi ki, yeni əsgər yataqxanası müasir tələblər səviyyəsində tikilib. Burada istirahət və yataq yerləri, zabitlər üçün iş otaqları, əsgərlər üçün məişət, silah, ideoloji və idman otaqları mövcuddur.
Şəraitlə daha da yaxından tanış olmaq üçün yataqxanaya daxil oluruq. İdeoloji otağa göz gəzdirdikdə əsgərlərin qəzet və jurnalları mütaliə etmələrinə şahid oluruq.
"Azərbaycan Ordusu" qəzetinin yeni nömrəsini oxuyan əsgərimiz diqqətimi çəkdi. Yaxınlaşıb onunla həmsöhbət oldum. Əsgər Etibar Zeynalov artıq 4 aydır xidmət edir. O, burada yaradılmış şəraitdən razılıqla danışdı. "Bizimçün hər bir şərait yaradılıb. İstər yeməkxana, istər də yataqxanamız müasir tələblərə uyğun tikilib. Asudə vaxtlarımızda qəzet, jurnal, kitablar oxuyur, televizorda verilişlərə baxırıq. Ordu rəhbərliyinin, komandanlığın bizə göstərdiyi diqqət və qayğı üçün hamımız minnətdarıq".
Söhbətimiz zamanı Etibar bildirdi ki, qardaşı Nicat Zeynalov "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Həm də aprel döyüşlərində iştirak edib. Qardaşı ona aprel döyüşlərində qazandıqları qələbədən fəxrlə, qürurla danışıb. "Qardaşım həmişə deyir ki, həyatda heç nədən qorxmadığımız kimi, xidmətdə də düşmən gülləsinə tuş gəlməkdən qorxmamalıyıq. Çünki hamı Vətən üçün yaşamalı, Vətən üçün də ölməlidir. Əgər Vətən yaşayırsa, onda sən də yaşayırsan".
Sonra idman otağına daxil oluruq. Döyüşçülərimiz asudə vaxtlarında fiziki vərdişlərini artırmağa da imkan tapırlar. Kimisi çəki daşlarını başının üstünə qaldırır, kimisi də əzələlərin gərilməsi hərəkətini edir. Hərəkətlərin çevikliyindən də görünür ki, döyüş hazırlığı ilə yanaşı, şəxsi heyətin fiziki hazırlığı da yüksək səviyyədədir. Onlarla tanış oluruq.
Əsgər Kamal İsmayılzadə Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb. 4 aydır xidmət edən döyüşçü uşaqlıqdan idmana həvəsi olduğunu bildirdi. "Hərbi xidmətdən əvvəl qaydasız döyüşlə məşğul idim. Burada da yaradılmış şəraitdən istifadə edərək fiziki hazırlığımı bir az da təkmilləşdirirəm. Dərslərdə bilik və bacarığımızı artırdığımız kimi, boş vaxtlarımızda fiziki hazırlıq vərdişlərimizi də möhkəmləndiririk. Çünki döyüş meydanında düşmənə qalib gəlmək üçün cəld və çevik olmaq lazımdır".
Asudə vaxtlarında əsgər yoldaşlarının saç düzümünü səliqəyə salan bərbərlə də tanış olmağa imkan tapdıq. Əsgər Adəm Qəribov gənc əsgərlərdən biridir. Bölmədə hamı ona hörmət edir. Çünki o, öz işinin həvəskarıdır. Məişət otağında əsgər yoldaşının saç düzümünü səliqəyə salan Adəm bildirdi ki, xidmətdən öncə bərbər işləyib.
Burada yaradılan yüksək səviyyəli xidmət şəraiti şəxsi heyətin mənəvi-psixoloji hazırlığına öz müsbət təsirini göstərməkdədir. Həmçinin keçirilən təlimlərdə tər tökərək daha da bərkiyən əsgərlərimiz döyüşlərə hazırdırlar. Mənimlə həmsöhbət olan əsgərlər Şikar Ağayev, Novruz Zərbalıyev və başqaları da təsdiqlədilər ki, yaradılmış hər bir şərait onların rahatlığına hesablanıb. "Ona görə də xidmətimiz yüksək səviyyədə qurulub. Özümüzü evdəki kimi hiss edirik. Doğma qəzetimiz vasitəsilə valideynlərimizə salam göndərərək deyirik ki, bizdən nigaran qalmayın, çünki dövlətimiz bizə diqqət və qayğısını əsirgəmir.”

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR