Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz - qürurumuz" adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən tədbirdə hərbçilər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Mərasim Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani müdafiə nazirinin təbrikini tədbir iştirakçılarına çatdırıb. O, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsindən, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad olunmasından, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən fəxarətlə danışıb. Bildirib ki, Ordumuzun bu uğuru xalqımızda tezliklə Qarabağın azad olunacağına böyük inam yaradıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını, hərbi qulluqçuları təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında və gücləndirilməsində xidmətlərindən danışıb, Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev xalqın işğal altında olan torpaqlarımızın azadlığı üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduğunu bildirib və Ordu ilə xalqın birliyini qeyd edib.
General Mais Bərxudarov orduya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa zamanda azad etməyə hazırdır.
Tədbirdə Xocavənd, Füzuli, Beyləqan uğrunda gedən döyüşlərdə fərqlənən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, əsgərlərə və zabitlərə fəxri fərman və xatirə hədiyyələri verilib.
Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.