"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Azərbaycan Ali Hərbi Məktəbi 1939-cu ildə yaradılmış və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 1992-ci ilin may ayından Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə keçmişdir. Yeni yaradılmış Respublikanın Silahlı Qüvvələrinin müxtəlif ixtisas və qoşun növləri üzrə zabit kadrları ilə komplektləşdirilməsinə ehtiyacı olduğundan məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) çevrilmişdir.
1997-ci ildən etibarən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başladı. Məktəbə qəbul ilinin sentyabr ayında 17 yaşı tamam olmuş və 19 yaşına çatmamış orta təhsilli gənclər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında riyaziyyat, fizika, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı fənlərindən imtahan verirlər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən yüksək ballar toplamış gənclər məktəbə qəbul edilirlər.
Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilib Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə isə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub.
Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır.
Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.