"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

İkitərəfli hərbi əməkdaşlıq

İkitərəfli hərbi əməkdaşlıq

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir. 
Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır. Hazırda 20-ə yaxın ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.
Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Serbiya, Xorvatiya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.
İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 350-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1000-dən çox nümayəndəsinin iştirakı təmin edilir. Bundan əlavə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən ingilis dili kurslarına Silahlı Qüvvələrin hərbi qulluqçuları cəlb edilmişdir. Eyni zamanda, Silahlı Qüvvələrin hərbi qulluqçuları Fransa Səfirliyi tərəfindən təşkil edilən fransız dili kursunda iştirak edirlər.
İkitərəfli əməkdaşlıq planları hazırlanarkən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) proqramında qəbul edilmiş öhdəliklərin və Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin təşkilinə diqqət yetirilir.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2016-cı il ərzində Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Şahini 2016", "TurAz Qartalı-2016" birgə uçuş-taktiki, "Anadolu Qartalı-2016" çoxmillətli, "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə, Kompüter Dəstəkli birgə və Hərbi Dəniz Qüvvələrinin cəlb edilməsi ilə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılır.