Şəxsi heyətin sağlamlığı xidmətimizin başlıca qayəsidir

Cəbhəyanı bölgədə yerləşən "N" hərbi hissəsinin tibb məntəqəsində zabit Zamiq Mirzəyev ilə tanış oluruq. Zabit bu peşənin müqəddəsliyindən danışaraq, müharibə şəraitində olan ölkənin hərbi tibb sahəsinin üzərinə böyük məsuliyyət düşdüyünü dedi. "Həkimlik çox nəcib, vacib və müqəddəs peşədir. Hərbçi həkim adını daşımaq bu peşənin sadaladığım cəhətlərinin müqəddəsliyini artırmaqla yanaşı, bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Belə ki, hazırkı şəraitdə müharibə hər an labüddür. Düşmən öz məkrli niyyətindən əl çəkmir. Bizim səbrimiz də, şübhəsiz ki, sonsuz deyil. Müharibə başlayacağı təqdirdə biz də üzərimizə düşən vəzifəyə uyğun olaraq düşmənə qarşı ön sıralarda vuruşan əsgərlərimizin sağlamlığına nəzarət edəcəyik. Şəxsi heyətin sağlamlığı bizlərə əmanət edilib. Bu gün dünyanı cənginə alan pandemiyadan əsgərlərimizi qorumaq üçün yuxarı komandanlıq tərəfindən qarşımıza qoyulan tapşırıqlar operativ şəkildə icra edilir. Ümumiyyətlə, ölkə rəhbərliyinin yüksək qayğısı sayəsində milli səhiyyə sistemimizin inkişafı bizim ordumuza da öz müsbət təsirini göstərməkdədir".
Tibb xidməti baş leytenantı Cavid Əliyev bizi şəraitlə yaxından tanış edərək bildirdi ki, müasir tibbi avadanlıqlarla təchiz edilmiş məntəqə günümüzün tələblərinə tam şəkildə cavab verir. "Hərbi hissəmizin həkim personalının tibbi bilikləri yetərincədir", - deyə zabit sözünə davam etdi. - Həkimlərin arasında səhiyyə sisteminin müxtəlif təyinatlı kurs, konfrans və simpoziumlarında iştirak edən hərbi qulluqçular var ki, onlar öz biliklərini daim təkmilləşdirir və günümüzün tələblərinə dərindən yiyələnirlər. Sonda onu deyə bilərəm ki, mehriban, qayğıkeş tibb personalımızın başlıca qayəsi şəxsi heyətin sağlamlığını diqqət mərkəzində saxlamaqdır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elnur Məmmədovla qəbul otağında məntəqəyə yeni daxil olan əsgər Emin Həmzəyevin təzyiqini ölçdükdən sonra həmsöhbət oluruq. "İnsan həyatı sənə etibar edilirsə, gərək göstərilən etimadı doğruldasan. Bunun üçün də həkimlik sahəsini öyrənməli, özünün üzərində daim çalışmalı, bilik və bacarıqlarını təkmilləşdirməlisən. Xəstələrə fərdi yanaşmaq, optimist və gülərüz olmaq əsas şərtlərdən sayılır. Eyni zamanda, xəstəyə fərdi yanaşma tələb olunur. Məsələn, əsgərə ilkin tibbi yardım göstərilərkən onun şikayəti (simptomlar) üzrə qoyulan diaqnozlar əsas götürülür. Mövzu insan həyatıdırsa, səhvə və ehtiyatsızlığa yol vermək olmaz. Tibb məntəqəmizə müraciət edən hərbi qulluqçularımızın müalicəsi zərurət yarandıqda məntəqədə davam etdirilir, əks halda ambulator müalicə təyin edilir. Bir sözlə, əsgərlərimiz Vətəni qoruyur, biz isə onların sağlamlıqlarını. Biz onların, onlar isə Vətənin keşiyindədirlər". Müsahibim fəslə uyğun olaraq bölmələrdə aparılan profilaktik tədbirlərdən də bəhs etdi. "Yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq və hərbi qulluqçuların sağlamlığını daim diqqətdə saxlamaq üçün zəruri tədbirlər görülür və görülən tədbirlər əsgərlərin xəstəliyə qarşı immunitetini daha da artırır. Hazırda dünyada hökm sürən pandemiyanın qarşısını almaq üçün hərbi hissəmizdə, habelə ön xətdə yerləşən bölmələrimizdə önləyici tədbirlər görülüb və görülməkdədir. Bu günə qədər şükürlər olsun ki, bu xəstəliklə bağlı hər hansı bir müraciət bizə daxil olmayıb. Məntəqəmizdə müalicə alan əsgərlərin hər birini nəzarətdə saxlayır, vaxtaşırı zəruri müayinələrdən keçiririk. Tibb məntəqəsində müalicə alan əsgər Emin Həmzəyev  söhbətə qoşuldu.
 "Həqiqi hərbi xidmətə  Sumqayıtdan çağırılmışam. Bura ilk gəldiyim gündən həkimlərimiz mənə yüksək nəvaziş göstərdilər. Onlar qayğıkeş və savadlıdırlar. Bizə doğmaları kimi yanaşırlar. Hər birimiz həkimlərimizdən və burada yaradılan şəraitdən məmnunuq. Təcrübəli həkimlərimizin sayəsində tezliklə sağalıb bölməmə qayıdacağam, əsgər yoldaşlarımla xidmətimi davam etdirəcəyəm. Burada çalışan tibb personalına təşəkkürümü bildirirəm".
Gördüklərimiz deməyə əsas verir ki, Vətən müdafiəçilərimizin sağlamlığına cavabdeh olan tibb işçilərimiz üzərlərinə düşən vəzifəni özlərinə mənəvi borc bilirlər. Azərbaycan əsgəri əmin əllərdədir.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"