“Atamın döyüş yolunu özümə örnək bilirəm”

Vətən qarşısındakı övladlıq borcunu ləyaqətlə və şərəflə yerinə yetirən əsgərlərimizdən biri də Orxan Atakişiyevdir. Orxan cəbhə xəttində yerləşən bölmələrimizdən birində xidmət edir. Qeyd edək ki, nümunəvi, hazırlıqlı əsgəri dəyərləndirən başlıca xüsusiyyətlər, ilk növbədə, onun ailə, məktəb tərbiyəsindən irəli gəlir. Ordu sıralarında hərbi xidmətə başlayan gənc  ilk öncə cəmiyyətdə yetişib, ailə mühitindən çıxaraq məktəbin və ictimai mühitin təsiri ilə formalaşır. Bütün qazandığı mənəvi keyfiyyətlər əsgərin az bir vaxtda hərbi kollektivdə tanınmasına səbəb olur. Orxan da həm ailədə, həm də oxuduğu təhsil ocaqlarında yüksək davranışı ilə seçilib və kollektivin hörmətini qazanıb. Bu gün isə o, artıq ordu həyatının çətinliklərini arxada qoyub, daha da mətinləşib. Adı bölmənin nümunəvi əsgərləri sırasında çəkilən Orxan sabah Vətən üçün layiqli vətəndaşdır.
"Əsgəri xidmət hər bir gəncin həyatında mühüm mərhələdir", - deyən Orxan hərbi xidmətə gəldiyi ilk vaxtları xatırladı. "Vətənə xidmət etmək hər birimizin müqəddəs borcudur. Bu şərəfli borcu ləyaqətlə yerinə yetirməliyik. İlk gündən xidmətə böyük həvəslə başladım. Qısa zaman ərzində hərbi vərdişlərə dərindən yiyələndim. Təlimlərdə, dərslərdə müsbət nəticələr göstərdim. Əldə etdiyim biliklərə görə komandirlərimə minnətdaram. Məhz onların sayəsində biz hərbi biliklərə, hərbi vərdişlərə yiyələnirik. Bir sözlə, ordu kişilik, mərdlik məktəbidir. Gərək hər kəs bu sınaqdan alnıaçıq, başı uca çıxsın.
“Əsgərlik həyatında yaddaqalan, xatırladığın günlər varmı?” sualıma cavab olaraq Orxan bildirdi ki, bu gün Azərbaycan əsgəri adını daşımağıyla qürur duyur. "Hərbi xidmət dövründə ən yaddaqalan gün Hərbi andı qəbul edib Azərbaycan Ordusu sıralarına daxil olduğum gündür. Həmin gün hərbi hissəmizdə qələbəlik idi. Azərbaycan Ordusunun sıralarına yeni qədəm qoyan gənc əsgər kimi hamıdan qürurlu görünürdük. Valideynlərimiz də gəlmişdilər. Onlar bizə fəxrlə baxırdılar. Onda bir daha dərk etdim ki, oğul həm valideynlərinin, həm xalqın, həm də Vətənin dayağıdır. Doğmalarımız bizi bağrına basıb təbrik edirdilər, əsgər andımıza sonadək sədaqətli olmağı arzulayırdılar...”
İndi o günlər arxada qalıb. Əsgər Orxan Atakişiyev komandirlərinin, təcrübəli, sədaqətli əsgər dostlarının əhatəsində günbəgün formalaşıb, mətinləşib. Onun orta məktəb illərindən idmana olan marağı orduda daha da artıb, güclənib. Orxan hesab edir ki, orduda idmanla yanaşı, qazanılan etimad vacib amillərdəndir. "Həmişə səy göstərmişəm ki, əsgər yoldaşlarımla birlikdə komandirlərimizin etimadını, hörmətini qazanaq. Bundan ötrü biz nizamnamələri əzbər öyrənməyə, xidməti vəzifəmizi qüsursuz yerinə yetirməyə çalışırıq."
Öyrənirik ki, O.Atakişiyev Tovuz rayonunun Əyyublu kəndində doğulub boya-başa çatıb. Müharibənin acılarını kiçik yaşlarından yaşayıb. Atası Yaşar Atakişiyev 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Təhsil aldığı Əyyublu kənd orta məktəbi Azərbaycanın Milli Qəhrəmanı Rövşən Alıyevin adını daşıyır. Tarix və ədəbiyyat fənlərini çox sevdiyini və atasının cəbhə xatirələri ilə, vətənpərvər bir mühitdə böyüdüyünü dedi Orxan. İdman üzrə də nailiyyətləri var. Yunan-Roma güləşi üzrə regionlararası yarışın qalibi olub.
Atasının döyüş yolunu özünə örnək bilən Orxan onu da qeyd etdi ki, Azərbaycan Ordusunun əsgəri kimi düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əmrinə hər an hazırdır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"