Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müharibə kursu"nun nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqları səmimi salamlayaraq Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.
Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirdə qonaqlara "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Xəzər dənizinin statusu" mövzularında brifinqlər təqdim olunub.
Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqları üçün nəzərdə tutulan kitaba ürək sözlərini yazıb.