Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2013 09:00

Azərbaycan prezidentinin yeni yaradılmış xüsusi saytındakı bölümdə Ordumuzun gücü

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan ordusu bu gün prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub və bu sahədə aparılan uğurlu islahatlar öz yüksək nəticəsini göstərir. Mübaliğəsiz demək olar ki, Azərbaycan Silahlı Qüvvələri hazırda Cənubi Qafqazın ən qüdrətli ordusu hesab olunur. Ordumuzun gücü nəinki Azərbaycanda, həmçinin beynəlxalq institutlar tərəfindən etiraf olunur. Bu mənada Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən saytda Silahlı Qüvvələrə ayrıca bir bölmənin həsr edilməsi dövlətimizin və Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Bu işin əhəmiyyətini nəzərə alaraq həmin məlumatların Müdafiə Nazirliyinin saytında da yerləşdirilməsini məqsədəuyğun hesab etdik.

Hərbi xərcləri 23 dəfə artırdı

İlham Əliyev prezident seçiləndən sonra ölkənin hərbi baxımdan güclənməsi və regionda ən güclü silahlı qüvvələrə malik olması vəzifəsini qarşıya qoydu. Dövlət başçısı kimi o proqram çıxışlarında bəyan etdi ki, Azərbaycanın qarşısında hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi dayanır. 2004-cü ildən etibarən Azərbaycan öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi.
Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2003-cü ildə Azərbaycanın hərbi  xərcləri cəmi 160  milyon ABŞ dolları təşkil edirdi. 2004-cü il büdcəsində bu xərclər 175 milyon ABŞ dollarına qədər artırıldı. 2005-ci ildə isə ölkənin hərbi büdcəsində iki dəfəyə yaxın - 300 milyon ABŞ dolları həcmində artım oldu.
2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət,  2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı.
Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı və 2011-ci ildə xərclər 3.3 milyard dollara qədər artırıldı. Bu, 2010-cu ilin hərbi büdcəsi ilə müqayisədə 90 faizdən çox artım demək idi. Müqayisə üçün 2011-ci ildə Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən az qala 10 dəfə aşağı idi. 
Nəhayət,  2012-ci ildə Azərbaycanın hərbi xərcləri daha da artaraq 3, 48 milyard, 2013-cü il büdcəsində isə 3.73 milyard dollara çatdırdı. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 2.5 milyard dollar nəzərdə tutulur. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 23 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutdu.

Müdafiə sənayesini yaratdı

Prezident İlham Əliyev ölkənin hərbi qüdrətinin artırılması siyasəti çərçivəsində silahlı qüvvələrin yeni silah və hərbi texnikaya olan tələbatının həm də yerli istehsal hesabına təmin edilməsi vəzifəsini müəyyən etdi. Bu məqsədlə Azərbaycan dövlət başçısı 2005-ci ilin dekabrında ölkənin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqda sərəncam verdi. 
Nazirlik tabeçiliyinə verilmiş müəssisələr əsasında ölkədə ilk dəfə hərbi sənayeni qurdu və qısa müddət sonra artıq hərbi təyinatlı məhsullarını beynəlxalq silah sərgilərində nümayiş etdirməyə, silahlı qüvvələri bir çox güclü silah sistemləri, texnika ilə təchiz etməyə nail oldu.
Müdafiə Sənayesi Nazirliyi silahlı qüvvələrin tələbatını nəzərə alaraq dünyanın bir çox nüfuzlu hərbi sənaye müəssisələri ilə əməkdaşlıq qurmuşdur. Azərbaycan hərbi sənayesinin istehsalı olan “İstiqlal” snayper silahları hazırda dünyada bu tipli ən güclü silahlar arasındadır. Həmçinin Azərbaycan hərbi sənayesi “Boran” artilleriya qurğusu, piyada əleyhinə minalar, zirehli avtomobillər, pilotsuz kəşfiyyat təyyarələri, naviqasiya və müşahidə cihazları, rabitə vasitələri, bir neçə tipdə tapançalar, minomyotlar, PKM pulemyotları, müxtəlif çaplı patronlar və digər döyüş sursatları istehsal edir.
Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə razılaşma  əsasında “Matador” və “Maradeur” zirehli avtomobillərinin istehsalı Azərbaycanda təşkil olunmuşdur  və bu maşınların taktiki-texniki göstəriciləri kifayət qədər yüksəkdir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR -lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. İsrailin müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq əsasında Bakıda “Orbiter” və “Aerostar” pilotsuz kəşfiyyat təyyarələrinin istehsalı təşkil olunmuşdur. Gələcəkdə Azərbaycanda hərbi helikopterlərin və  tankların yığılması planlaşdırılır.
Azərbaycan müdafiə sənayesinin istehsalı olan hərbi təyinatlı məhsullar son illər nüfuzlu silah sərgilərinə də çıxarılır və maraqla qarşılanır. Azərbaycan İstanbulda keçirilən İDEF-2009 sərgisinə 27, İordaniyada keçirilən “SOFEX-2010” sərgisinə 55 adda hərbi məhsul çıxarmışdır. Bu məhsullar bir çox ölkələrdən olan müştərilərin diqqətini cəlb etmişdir.
Hazırda Azərbaycanın müdafiə sənayesi Müdafiə Nazirliyinin bir neçə növdə silah-sursata tələbatını tam ödəmək gücündədir. Bu da Silahlı Qüvvələrin təchizatında xarici mənbələrdən asılılığı aradan qaldırmağa imkan verir. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti ərzində ölkənin hərbi qüdrətinin artırılmasına imkan verən strateji sahə - müdafiə sənayesi təşəkkül tapmışdır. Azərbaycanın müdafiə sənayesi hazırda 700-ə yaxın adda hərbi təyinatlı məhsullar istehsal edir.

 

Güclü hərbi hava qüvvələri

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyəti ərzində Azərbaycanın hərbi gücünün artırılması siyasətinin mühüm istiqamətlərindən biri Hərbi Hava Qüvvələrinin yeni silah və texnika hesabına gücləndirilməsi olmuşdur. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü hava qüvvələrinə malik olan ölkədir və bu sahədə Ermənistan üzərində dəfələrlə üstünlüyə malikdir.
BMT-nin Adi Silahların Registrində və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belarusdan onlarla dördüncü nəsil modernləşdirilmiş MiQ-29 “Fulcrum” döyüş təyyarələri almış, habelə Pakistan istehsalı olan 20-dən çox JF-17 təyyarələrinin alınması üçün sifariş vermişdir. 
Son neçə il ərzində Azərbaycan Rusiya, Ukrayna və Belarusdan 100-dən artıq Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirmişdir.  Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla “Orbiter”, “Aerostar”, “Seacher”, “Hermes-450”, “Heron” tipli pilotsuz kəşfiyyat təyyarələri alınmışdır. Həmçinin “Orbiter” və “Aerostar” pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılmışdır. İsraillə  pilotsuz təyyarələrin və digər hərbi texnikanın alınmasına dair əməkdaşlıq indi də davam etməkdədir. 
İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyəti dövründə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması sahəsində görülən işlərin nəticəsi olaraq  Azərbaycan regionda ən güclü Hərbi Hava Qüvvələrinə malik ölkədir. Bu, Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistan qarşısında əldə olunmuş mühüm strateji üstünlükdür və beynəlxalq hərb araşdırmaları mərkəzlərinin hesabatlarında da təsbit olunur.

Ermənistan üzərində əzici hərbi üstünlük

Azərbaycan son 10 ildə hərbi xərclərini 23 dəfədən çox artıraraq silahlı qüvvələrinin arsenalını  yeni döyüş təyyarələri,  hücum vertolyotları, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirdi. Nəticədə hərbi sahədə bütün göstəricilər üzrə Ermənistanla balansı öz xeyrinə dəyişməyə nail oldu. Ermənistan daxil olduğu hərbi blok çərçivəsində böyük miqdarda silah və texnikanı təmənnasız əldə etsə də balansın Azərbaycanın xeyrinə kəskin dəyişməsinə mane ola bilmədi.
Azərbaycan ordusunun yeni silah və texnika ilə təchizatında birinci mərhələdə zirehli texnikanın, uzaqvuran artilleriya sistemlərinin, piyadaların döyüş maşınlarının və quru qoşunlarına hava dəstəyi üçün hücum vertolyotlarının alınması həyata keçirildi. İkinci mərhələdə ordunun arsenalı hədəfi yüzlərlə kilometr məsafədən dəqiq vuran raket sistemləri, daha uzaqmənzilli artilleriya qurğuları və hərbi sahədə strateji üstünlük qazandıran digər silah sistemləri ilə gücləndirildi.
Azərbaycanın hərbi gücünün artırılması barədə Prezident İlham Əliyevin çıxışı da diqqətəlayiqdir: "Heç kəs üçün sirr deyil ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, vertolyotlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda daxildəki 40-dan çox sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir". 
BMT-nin Adi Silahlara dair Reyestrində yer alan məlumatlara görə,  Azərbaycan təkcə 2011-ci ildə Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın almışdır. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam etmişdir. Hesabat dövründə Azərbaycan 7 ölkədən 24 ədəd 9 A52 “Smerç”, 4 ədəd 9P129-1M “Toçka-U” kompleksi, 54 ədəd 2S1 “Qvozdika”, 16 ədəd 2S3 “Akatsiya” sistemi, 127 ədəd D-30, 85 ədəd 120 mm-lik PM-38 tipli minaatan, 30 ədəd 120 mm-lik D-30 haubitsası, 12 ədəd 2S7 “Pion” özüyeriyən artilleriya sistemi, 36 ədəd M-46 tipli haubitsa, 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv atəş sistemi, LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, Atmos-2000 tipli haubitsa, Cardom tipli avtomatik minaatan, 20-dən artıq 2S9 “Nona-S” tipli özüyeriyən minaatan, 107 və 122 mm çaplı reaktiv atəş sistemləri, müxtəlif artilleriya sistemləri almışdır.
Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən açıqlanan “Hərbi Balans 2012” hesabatında  Azərbaycanın bütün göstəricilər üzrə Ermənistan üzərində dəfələrlə üstünlüyə malik olduğu qeyd olunur. Məsələn, hesabatda  tankların sayına görə Azərbaycan Ermənistanı 3 dəfə, döyüş təyyarələrinin sayına görə 3 dəfə, tank əleyhinə sistemlərə görə 10 dəfə qabaqlayır. İnstititun ekspertləri qeyd edir ki, Ermənistan silahlanma və hərbi xərclərin artımında Azərbaycanla müqayisədə “cırtdan kimi” görünür.
Beləliklə, ötən 10 ildə Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq, beynəlxalq hesabatlarda da deyildiyi kimi,  Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi.

Hava hücumundan etibarlı müdafiə

Azərbaycanda güclü ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 10 ildə görülmüş işlərin nəticələrindən biri də ölkənin hava hücumundan kifayət qədər etibarlı təminatıdır. 
Azərbaycan hava qüvvələrini gücləndirməklə yanaşı, ölkənin hava məkanının potensial hücumlardan etibarlı müdafiəsinə nail olmaq üçün hərbi sahəyə ayrılan vəsaitlərin bir qismi yeni HHM sistemləri almağa sərf edildi. 
Azərbaycanın aldığı HHM sistemləri bu sahədə potensial rəqiblərə qarşı strateji üstünlüyü təmin etməyə imkan verdi. Son illərdə bu istiqamətdə atılan mühüm addımlara  Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 "Favorit" zenit-raket komplekslərinin, İsrail istehsalı olan “Barak-8” zenit-raket komplekslərinin və “Green Pine” radarlarının alınması da daxildir. 
Azərbaycanın hazırda malik olduğu HHM sistemi ölkənin hava məkanını, strateji təyinatlı obyektləri, Xəzərdəki neft-qaz infrastrukturunu qoruyur. Həmçinin  ABŞ və NATO ilə tərəfdaşlıq əsasında ölkənin hava məkanının mühafizəsinin gücləndirilməsinə dair bir neçə proqram həyata keçirilmişdir. Bu proqramlara Pentaqonun dəstəyi ilə 2005-ci ildə Azərbaycanın Xızı və Astara rayonlarında radar stansiyalarının qurulması da daxildir.
Azərbaycanın regionda güclü hava qüvvələri ilə yanaşı havadan etibarlı müdafiə sisteminə də malik olması hərbi balansın Ermənistanla müqayisədə onun xeyrinə müqayisə olunmaz dərəcədə dəyişməsinə səbəb oldu. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) 2011-ci il üçün hazırladığı hesabatda göstərilirdi ki, Azərbaycan HHM qüvvələrinin nisbətinə görə Ermənistandan xeyli öndədir. Bununla da İlham Əliyevin ötən 10 ildə ölkənin hərbi gücünün artırılmasına yönəlmiş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan regionda ən modern vasitələrlə təchiz olunmuş HHM qüvvələrinə malik oldu.

Hərbçilərin mənzillə təminatı başladı

Prezident İlham Əliyev tərəfindən silahlı qüvvələrin güclü və yeni silahlarla təchizatı ilə yanaşı,  hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tarixi qərar verildi. 2011-ci ilin dekabrında  Prezidentin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmana əsasən, ölkədə ilk dəfə hərbçilərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsinin mexanizmi yaradıldı.
O vaxta qədər hərbçilərin sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması məsələsi 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu” haqqında qanunla tənzimlənirdi və bu qanunda əksini tapmış müddəaların praktiki icrası mümkün deyildi.
Prezident İlham Əliyevin imzaladığı fərman bu sahədə vəziyyəti dəyişdi, hərbçilərin dövlət hesabına mənzillərlə təmin olunması mexanizmlərini hazırlamaq üçün xüsusi komissiya yaradıldı. Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaratdı. 
Həmin fərman əsasında artıq 2012-ci ildə 411 hərbçi mənzillə təmin olundu. 2013-cü il üçün daha 337 hərbçiyə mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Gələcəkdə pulsuz mənzil almaq növbəsinə götürülən hərbçilərin siyahısının genişləndirilməsi və fərmanın ildən-ilə daha çox hərbçini əhatə etməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı,  digər güc strukturlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinin hərbçilərinin mənzillərlə təminatı Prezident İlham Əliyevin  diqqət mərkəzində saxladığı  prioritet məsələlərdəndir. 2011-ci ilin mayında dövlət başçısının iştirakı ilə Bakının Nərimanov rayonunda DSX hərbçiləri üçün tikilmiş 264 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmin il hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzilin inşası da başa çatdırılmışdır. 

Regionda ən yaxşı təchizata malik sərhəd xidməti

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində Azərbaycanın hərbi qüdrətinin artırılması siyasəti çərçivəsində dövlət sərhədlərinin mühafizəsini gücləndirməyə xüsusi önəm verdi.  Onun bu sahədə atdığı ilk addımlar Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi istiqamətində oldu.
2004-cü ilin yanvarında ölkə prezidentinin fərmanı ilə Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevralında isə Prezident  sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsini yaratdı. Sahil Mühafizəsinin ayrıca struktur kimi yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı. 
2005-ci ilin dekabrında ölkə prezidenti tərəfindən  "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" təsdiq edildi. 
2007-ci ilin iyun ayında Prezident daha bir sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasını yaratdı. Bu qərar ölkənin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. 2008-ci il noyabr ayının 27-də akademiyanın yeni Səhra Təlim Mərkəzi istifadəyə verildi. 
Dövlət Sərhəd Xidmətinin gücləndirilməsi və təchizatı sahəsində görülən işlərin nəticəsi olaraq ötən 10 il ərzində 164 bina, Göytəpə Sərhəd Dəstəsi qarnizonunun, 22 ədəd sərhəd komendantlığı və sərhəd zastavasının, 2500 nəfərlik təlim mərkəzi kompleksinin, Akademiya kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, digər infrastrukturun istifadəyə verilməsi həyata keçirildi. 
DSX Sahil Mühafizəsi yüksək keçid qabiliyyətli gəmilərlə təchiz olunmuş, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alınmışdır. Nəhayət, Rusiyadan sifariş edilən onlarla ən yeni Mi-35 döyüş vertolyotu DSX qüvvələrinin döyüş qabiliyyətinin daha da artmasına imkan verdi.
DSX-nin idarəetmə sistemi xeyli təkmilləşdirildi,  sərhəd nəzarəti beynəlxalq standartlara uyğunlaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı işlərin nəticəsi olaraq hazırda Azərbaycan regionda ən yaxşı təchiz olunmuş və güclü döyüş qabiliyyətinə malik dövlət sərhəd xidmətinə malikdir.

Xəzərdə ikinci ən güclü donanma

Azərbaycan Prezidentinin ölkənin hərbi qüdrətinin və təhlükəsizliyinin gücləndirilməsi yönündə ötən 10 ildə gördüyü işlərin daha bir nəticəsi ölkənin Xəzər dənizində yerləşən hərbi donanması ilə bağlıdır.  Xəzərdə Rusiyadan sonra ikinci ən güclü hərbi donanmaya malik olan Azərbaycan 2000-ci illərin əvvəllərindən etibarən ABŞ, Türkiyə və NATO ilə dənizdə təhlükəsizliyin gücləndirilməsi yönündə qurulan əməkdaşlığı davam etdirmişdir. 
Xəzərdə təhlükəsizliyin təmin olunması dənizin Azərbaycan sektorunda yerləşən neft-qaz infrastrukturlarının mümkün risklərdən qorunması baxımından ölkə üçün strateji əhəmiyyət kəsb edirdi. Bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan son illərdə Hərbi Dəniz Qüvvələrinin hərbi texnikasını modernləşdirmiş, hərbi personal NATO standartlarına uyğyn təlim keçmişdir. ABŞ-la ikitərəfli formatda Xəzər təhlükəsizliyinə dair bir sıra mühüm proqramlar həyata keçirilmişdir.
Azərbaycanın Xəzərdəki hərbi donanması hazırda onlarla müxtılif tipli gəmi və katerlərdən ibarətdir. HDQ-nin tərkibinə sahil mühafizə divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizionu daxildir. Həmçinin HDQ-nin tərkibində Xəzərdəki strateji əhəmiyyətli neft-qaz infrastrukturunu mühafizə etmək, ölkənin su sərhədlərini qorumaq üçün xüsusi təyinatlı qüvvələr yaradılmışdır.
Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Donanma üçün kadr hazırlığı məsələsində Azərbaycan müttəfiq ölkə Türkiyənin Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edir. Bundan əlavə, Ali Hərbi Dənizçilik Məktəbi ilə Amerikanın Sahil Mühafizəsi Akademiyası arasında əməkdaşlıq qurulmuşdur. Azərbaycanla ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində də əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutur. 
İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, HDQ xüsusi təyinatlılarının Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilir. 
Azərbaycan 2012-ci ilin əvvəllərində İsraildən “Gabriel-5 “ gəmi əleyhinə qanadlı raketləri almaqla  Xəzərdə öz mövqelərini xeyli gücləndirmişdir. 
Beləliklə, Prezident İlham Əliyevin ölkənin hərbi qüdrətinin artırılması siyasətinin nəticələrindən biri olaraq Azərbaycan bu gün Xəzər regionunda güclü hərbi imkanlara malik olan iki sahilyanı ölkədən birinə çevrilmişdir. Bu da ölkənin Xəzərdəki milli sektorunun hüdudlarını, qlobal miqyasda əhəmiyyət kəsb edən neft-qaz yataqlarını və infrastrukturlarını etibarlı şəkildə qorumağa imkan yaradır. 
Hazırda inşası davam edən Bakı Gəmi Təmiri zavodunun işə salınmasından sonra Azərbaycan öz dəniz donanması və Sahil Mühafizə qüvvələri üçün hərbi gəmilər də istehsal edə biləcək.

Bölgədə strateji balansı dəyişən silahlar alındı

Prezident İlham Əliyev Azərbaycanı regionun hərbi baxımdan ən qüdrətli ölkəsinə çevirmək üçün silahlı qüvvələrin ən yeni, hədəfi uzaq məsafədən dəqiq vuran və böyük məhvetmə gücünə malik silah sistemlərinin alınmasını davam etdirərək regionda strateji balansı dəyişdirdi.
2013-cü il iyunun 26-da Azərbaycan silahlı qüvvələrinin yaranmasının 95 illiyi münasibətilə Bakıda keçirilən paradda Rusiyadan yeni alınan silahların və texnikanın bir qismi nümayiş   etdirildi. Bu parad Azərbaycanın regionda və dünyada ən müasir təchizata malik güclü ordulardan birinə malik olduğunu göstərdi.
Paradda məlum oldu ki, Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair 2011-2012-ci illərdə bağlanmış müqavilələr əsasında bu ölkədən böyük miqdarda güclü silah sistemləri və texnika almağa başlamışdır.
Söhbət dünyada ən güclü tank hesab edilən T-90S tanklarından (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 piyada döyüş maşınlarından (100-ə yaxın),  “Mcta-C” özüyeriyən artilleriya qurğusu divizionu (18 ədəd ), dünyanın ən güclü və ən dağıdıcı reaktiv artilleriya sistemi hesab edilən “Smerç” yaylım atəşli reaktiv sistem divizionundan (18 ədəd), “Vena” özüyeriyən artilleriya silahlarından (18 ədəd), TOC-1A “Solnsepek” ağır odsaçan sistemlərindən (6 ədəd) gedir.
Tanklarla yanaşı,  tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınlar, BREM-1 zirehli təmir-evakuasiya,  T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınları, habelə tanklar və artilleriya sistemi üçün müqavilədən əlavə opsionlar da alınmışdır. Yeni alınan silahların və hərbi texnikanın müqavilə dəyərinin 1 milyard dollara yaxın olduğu da açıqlandı.
Rusiyadan yeni alınan silahlar və hərbi texnika Azərbaycanın bundan əvvəl aldığı silahlarla birlikdə regionda strateji balansı tamamilə dəyişdirdi. Ermənistanda ciddi narahatlıq və təşviş yarandı, bu ölkənin hərbi baxımdan Azərbaycanla qarşılaşa bilməyəcəyi tam yəqinləşdi. Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı bəyan etdi ki, silahlı qüvvələrin ən müasir və böyük dağıdıcı gücə malik silahlarla təchizatı davam etdiriləcək.