Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2021 22:09

Azərbaycan HDQ-nin nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində bir sıra görüşlər keçirib

Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Əvvəlcə hərbi nümayəndə heyətimiz Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.
Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Navid Aşraf ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərinin təşkili və digər əməkdaşlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyətimiz Pakistan HDQ-nin Kəraçi Komandanlığının komandanı kontr-admiral Ovais Ahmad Bilqrami ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi və digər əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.  
Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan silah sistemləri barədə ətraflı brifinq təqdim edilib.
Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.