"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Kosova Qüvvələrinin əməliyyatı
Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) NATO-nun rəhbərliyi altında Kosovada sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikiləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi bu taqıma cavabdehlik ərazisi kimi təhkim edilmişdir.  
Bu müddət ərzində Kosovada keçirilən əməliyyatlarda 362 nəfər hərbi qulluqçumuz iştirak edib (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit).

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin missiyası
20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun  22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb.
15 yanvar 2008-ci il tarixdən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb.
2 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin sayının 2 dəfə artırılması barədə qərar qəbul edib.
19 fevral 2009-cu il tarixdən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib.
5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi İSAF əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərib.

Qətiyyətli Dəstək missiyası
2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.
2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb.  
Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur.
1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.