"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemi

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemi

Müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Bildiyimiz kimi, hərbi təhsil Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir.

Hərbi təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir və əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və dünyagörüşünə malik olan, xalqını və vətənini sevən, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün yaradılan Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin qarşısında qoyulan vəzifələri yerinə yetirməyi bacaran kadrların hazırlanmasıdır.
Hərbi təhsil sisteminin idarə olunması, hərbi təhsil sistemi iştirakçılarının hüquq və vəzifələri, hərbi təhsil sahəsində əsas prinsip və normalar xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrinə və «Təhsil haqqında Azərbaycan Respublikasının Qanun»unun tələblərinə əsasən müəyyənləşdirilir.
2009-cu ildə qəbul olunmuş «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nun tətbiqi ilə bağlı digər normativ-hüquqi sənədlərin qüvvəyə minməsi, xüsusən də «Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları»nın və «Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli fərmanı hərbi təhsil sahəsində  qarşımıza yeni tapşırıqlar qoydu. Belə ki, bu qanun təhsil sahəsində əsas dövlət prinsiplərini müəyyən etmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanı isə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə – Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə, C.Naxçıvanski adına Hərbi Liseyə və Heydər Əliyev adına Hərbi Liseyə xüsusi status vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub.
Bu qanuna söykənərək demək olar ki, hərbi təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla milli-mənəvi dəyərlərə köklənən, Silahlı Qüvvələrimizin, xalqımızın və ölkəmizin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. 
Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu tapşırıqlara və müdafiə nazirinin əmr və direktivlərinə əsaslanaraq hərbi təhsil sisteminin əsas məqsədini aşağıda göstərilən formada ümumiləşdirmək olar: 
- Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətənə və xalqına sadiq olan, xalqının milli-mənəvi dəyərlərinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azərbaycanlılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən hərbi qulluqçuları (zabitləri, gizirləri və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları) yetişdirmək;
- milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, silah və hərbi texnikanı mükəmməl bilən mütəxəsis kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daimi artırılmasını təmin edən, Silahlı Qüvvələrin döyüş hazırlığının və ümumilikdə vətənin müdafiə qabliyyətinin artırılması sahəsində yorulmadan çalışan hərbi qulluqçular hazırlamaqdır.
«Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu»nun tələblərinə əsasən Silahlı Qüvvələrdə təhsilin pillələri və səviyyələri aşağıdakı kimi müəyyən edilmişdir:
– tam orta təhsil;
– ilk peşə ixtisas təhsili;
– ali təhsilin bakalavr və magistr səviyyələri;
– adyunktura təhsili.
Təhsilin ilk pilləsi – tam orta təhsil xüsusi təyinatlı tam orta təhsil müəssisələrində C.Naxçıvanski  adına və Heydər Əliyev adına hərbi liseylərdə həyata keçirilir. 
İlk peşə-ixtisas təhsili xüsusi təyinatlı əlavə təhsil müəssisələrində (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində)  gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlanması kurslarında həyata keçirilir.
Ali təhsilin bakalavr səviyyəsi üzrə zabit kadrların hazırlanması xüsusi təyinatlı ali təhsil müəssisələrində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası) həyata keçirilir.
Hələ sovetlər birliyində olarkən Azərbaycanın gələcək kadrlara olacaq ehtiyacını və onların hazırlanması yollarını düşünən uzaqgörən, müdrik prezidentimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev 1971-ci ildə şəxsi təşəbbüsü ilə, keçmiş SSRİ rəhbərliyinin müqavimətinə baxmayaraq, sovetlər ittifaqının heç bir respublikasında analoqu olmayan Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılmasına, Azərbaycanlı gənclərin Bakı Ali Ümumqoşun Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə və eləcə də ölkənin digər hərbi məktəblərinə güzəştli qəbul olunmasına nail olmuşdur.  
1997-2001-ci illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, zabit heyətini təkmilləşdirmə kurslarının, gizir hazırlığı məktəbinin, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filalının, ehtiyat zabitlərinin hazırlığı kursunun, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yaradılması Silahlı Qüvvələrin peşəkar, bilikli, vətənə sadiq hərbiçilərlə təmin edilməsində böyük əhəmiyyət kəsb edir.
Məhz hərbi təhsil müəssisələrinin təsis edilməsindəki qayğısının təzahürü olaraq respublikadakı minlərlə təhsil müəssisəsi arasında yalnız 2004-cü ildə Naxçıvan şəhərində yaradılmış hərbi liseyə və Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyevin adı verilmişdir.
Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da daima təhsil problemlərini öz nəzarəti altında saxlayır. Bu iş ilə əlaqədar olaraq o demişdir: «Bildiyimiz kimi, Azərbaycanda təhsilə büyük diqqət güstərilir. Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsil sistemini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır. Bilirsiniz ki, bu yaxınlarda müəyyən fərmanlar verilib, əminəm ki, bunlar gələcəkdə təhsilin inkişafına güclü təkan olacaqdır. Onu da qeyd etməliyəm, ölkəmizdə büdcənin 20 faizi təhsilə ayrılır. Yəni büdcədən ən çox bu sahəyə vəsait yönəldilir. Bu təbiidir. Çünki təhsil bizim gələcəyimizdir.»
Dövlətimizin Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının fikrinin təsdiqi olaraq demək olar ki, Silahlı Qüvvələrin inkişafının müasir mərhələsində hərbi təhsil sahəsində aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit heyətinin, gizir və miçmanların vətənə, azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə hədsiz sədaqət və daimi peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi tərbiyə edilməsinə yönəlmişdir.
Hazırda respublikamızın Silahlı Qüvvələri və digər hərbiləşdirilmiş birləşmələri üçün müxtəlif kateqoriyalardan olan hərbi kadrların hazırlanması xüsusi təyinatlı təhsil müəssisələrində (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində) və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində həyata keçirilir.