"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

ATƏT ilə əməkdaşlıq

ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsinin Ofisi ilə əməkdaşlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisi tərəfindən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və dövlət sərhədində monitorinqlərin keçirilməsini təmin edir.

Azərbaycan Ordusunda beynəlxalq silahlara nəzarət üzrə fəaliyyət
Azərbaycan Respublikası silahlara nəzarət üzrə bir sıra hərbi-siyasi sazişlərlə yanaşı, “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi”ni imzalayıb. Ölkəmiz bu beynəlxalq sazişlər çərçivəsində müxtəlif öhdəliklərini yerinə yetirir. Azərbaycan Respublikası şəffaflığı və etimadı təmin etmək məqsədilə özünün Silahlı Qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərdən inspeksiyalar qəbul edir.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” - 19 noyabr 1990-cı ildə 16 NATO və 6 Varşava müqaviləsi Təşkilatının iştirakçı dövlətləri tərəfindən imzalanmış və 9 noyabr 1992-ci ildə qüvvəyə minmişdir.
Hazırda müqavilədə 29 dövlət iştirak edir. Müqavilə 31 may 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib. Müqavilə 7 protokoldan ibarətdir və adi silahların 5 kateqoriyası üzrə məhdudiyyət təyin edir. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm və yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri və zərbə helikopterləri məhdudlaşdırılır. Müqavilənin tələblərinə əsasən, hər bir iştirakçı dövlət adi silahların 5 kateqoriyası üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması və saxlanılması öhdəliyini öz üzərinə götürür.
2018-ci ilin yanvar ayının sonunadək Azərbaycan Ordusunda müqavilə çərçivəsində müxtəlif iştirakçı dövlətlər tərəfindən 123 inspeksiya keçirilib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” (Vyana Sənədi) - 17 noyabr 1990-cı ildə ATƏT-in üzvü olan dövlətlər tərəfindən imzalanıb. Vyana Sənədi 1992, 1994, 1999 və 2011-ci illərdə təkmilləşdirilərək yeni redaktədə iştirakçı dövlətlər tərəfindən qəbul edilib. Hazırda Vyana Sənədində 57 dövlət iştirak edir.
Vyana Sənədi 12 fəsildən ibarətdir və onun müddəalarına əsasən hər bir iştirakçı dövlət digər bir iştirakçı dövlətin ərazisində hər hansı bir elan olunması tələb olunan hərbi fəaliyyətin olub-olmamasını yoxlamaq məqsədilə "Göstərilmiş rayon"un inspeksiyasını keçirə bilər.
Azərbaycan Ordusunda hər il müxtəlif iştirakçı dövlətlərin inspeksiya qrupları tərəfindən 3 “Göstərilən rayon”un inspeksiyası və 1 "Qiymətləndirmə" səfəri keçirilir. Səfərin məqsədi illik hərbi məlumat mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yoxlanılmasından ibarətdir. Səfər yalnız "fors major" hallarında keçirilməyə bilər.
2018-ci ilin yanvar ayının sonunadək Azərbaycan Ordusunda Vyana Sənədi çərçivəsində müxtəlif iştirakçı dövlətlər tərəfindən 64 "Göstərilmiş rayon”un inspeksiyası və 31 "Qiymətləndirmə" səfəri keçirilib.