Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 2001-ci il 20 fevral tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) fəaliyyətə başlayıb.
TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir.
TTM-də aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir:
Zabit heyətinin təkmilləşdirmə kursu - Silahlı Qüvvələrin tələbatına müvafiq olaraq bütün səviyyələrdən və kateqoriyalardan olan zabit heyətinin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir. Altı həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Zabit ixtisas kursu - bakalavr təhsil səviyyəsini bitirmiş məzunların ilkin zabit vəzifələrində xidmətə hazırlığının təmin edilməsi məqsədilə ixtisaslar üzrə verilən təhsildir. Kursun müddəti 48 həftədir
Ehtiyat zabit hazırlığı kursu - zabit ehtiyatının yaradılması məqsədilə ixtisaslar üzrə zabit kadrların hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə Müdəfiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir. Səkkiz həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Xarici dil kursları (ingilis, alman, fransız, fars, erməni) - hərbi qulluqçuların xarici dillərdə ünsiyyət bacarığının formalaşması və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə verilən təhsildir.
Gizir hazırlığı kursu - müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə gizir rütbəsi verilir. On bir həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu - müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Dörd həftəlik kurs tədris ili ərzində 4 dəfə keçirilir.