Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 25.05.2000-ci il tarixli «Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında» sərəncamının tələblərinə müvafiq olaraq Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsi yaradılmışdır. Fakültədə təhsil müddəti 2 ildir. Bu fakultəyə 2000-ci ilin avqust ayından Tibb Universitetinin müalicə-profilaktika, pediatriya və stomatologiya fakültələrinin 4-cü kursunu bitirmiş oğlan tələbələr seçmə yolu ilə qəbul edilirlər.
2006-cı ildən etibarən isə Hərbi Tibb fakültəsinin 1-ci kursuna «hərbi həkim işi» ixtisası üzrə kursantların qəbul edilməsinə başlanılmışdır.
Hərbi tibb fakültəsinin nəzdində tibb xidməti zabitlərinin təhsilində fasiləsiçlilik prinsipinin təmin edilməsi məqsədi ilə «təkmilləşdirmə» kursları da fəaliyyət göstərir.
«Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nun tələblərinə müvafiq olaraq hərbi həkimlərin ixtisaslaşmalarının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2011/2012-ci tədris ilindən 11 ixtisas üzrə rezidentlərin hazırlığına başlanılmışdır.