C.Naxçıvanski adına Hərbi Lisey

Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
C.Naxçıvanski adına hərbi lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseyə qəbul ilinin sentyabr ayının 1-nə 14 yaşı tamam olmuş və 16 yaşına çatmamış 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 3 ildir. 3 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 21 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.