“Gənc Heydərçilər”in yay istirahəti başa çatıb

29 avqust 2015 il

Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi on gündən artıq davam edib.
Düşərgədə Səbail rayonundan olan, təhsildə və idmanda fərqlənən, eləcə də xüsusi istedada malik, həmçinin cəbhə bölgəsində xidmət edən hərbi qulluqçuların da övladları daxil olmaqla 150 nəfərdən artıq yeniyetmə iştirak edib.
Layihənin Qusar rayonunda yerləşən “N” hərbi hissəsində reallaşması şagirdlərə hərbi sahədə daha çox biliklərin aşılanmasına zəmin yaradıb. “Gənc Heydərçilər” əsgər kazarmalarından birində yerləşdirilmişdi. Burada onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunan stendlər, hərbi təlimatlarla tanış olublar.
Məktəblilər düşərgədə olan zaman zabit və əsgərlərlə ünsiyyət yaradıblar, şəxsi heyətin gündəlik həyat və fəaliyyəti, hərbi hissədəki şərait, döyüş texnikası və silahlarla tanış olublar. Onların ordu haqqında təəssüratları xeyli zənginləşib.
Düşərgəyə yola düşməzdən əvvəl məktəblilərə xüsusi formalar paylanıb, yeniyetmələr gündə dörd dəfə yüksək kalorili yeməklə, meyvə-tərəvəz, süd məhsulları ilə təmin olunub, onların təlim-tərbiyəsi ilə rayon orta məktəblərində çalışan idman və çağırışaqədər ibtidai hazırlıq müəllimləri və hərbi hissənin zabitləri, çavuş və əsgərlərdən ibarət qrup məşğul olub. Həmçinin “Gənc Heydərçilər” Qusar, Xaçmaz, Quba rayonlarına gəzinti zamanı Heydər Əliyev Mərkəzlərinə, Gənclər evinə, muzeylərə, Şahdağ qış-yay turizm kompleksinə səyahət ediblər. Yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə gəzintisi də təşkil olunub.
On gündən artıq davam edən “Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə təntənəli mərasim keçirilib.
Mərasim başlamazdan əvvəl Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və başqa qonaqlar hərbi hissənin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra “Gənc Heydərçilər” iştirakçılar qarşısında düşərgədə olduqları müddətdə öyrəndikləri bilik və təcrübəni nümayiş etdiriblər. Yeniyetmə gənclər təyin edilmiş vaxtda əleyhqaz geyiniblər, atıcı silahları natamam söküb-yığıblar. Döyüş meydanında qalmış “yaralıya” ilk tibbi yardım göstərildikdən sonra yaralını xərəkdə “döyüş” meydanından çıxardıblar.
Daha sonra “Gənc Heydərçilər”dən ibarət “xüsusi təyinatlılar” öz məharətlərini göstəriblər.