Professor Rəşid Mahmudov cəbhə bölgəsində hərbi qulluqçuları ziyarət edib

18 avqust 2015 il

Yay istirahətini doğulub boya başa çatdığı Gədəbəy rayonunun Kəsəmən kəndində keçirən respublikanın Əməkdar müəllimi, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, professor Rəşid Mahmudovu bu günlər tez-tez doğma diyarın keşiyini çəkən Vətən oğullarının arasında görmək olar.
Bir neçə gün öncə Əfqanıstan müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin bölgəyə gəldiyini eşidən professor da onlara qoşularaq dəniz səviyyəsindən üç min metr hündürlükdəki zirvələrə qalxmış, bir ziyalı kimi əsgərlərin xidmət şəraiti ilə tanış olmuş, onların qayğı və problemləri ilə maraqlanmışdır.
Ön səngərdəki əsgərlərin məğrurluğundan, onların döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiklərindən fərəhlənən görkəmli pedaqoq qolundan saatını açaraq, bir gün öncə düşməni cavab atəşi ilə susdurmuş gənc zabit Anar Xalverdiyevin qoluna bağlamış və ona daha böyük uğurlar qazanmağı arzulamışdır.
Əsgərlərlə bir yerdə nahar edən professor Rəşid Mahmudov zirvədən enərkən demişdir: “Doğrusu, başımız şou proqramlara o qədər qarışıb ki, çoxlarımızın ölkənin ordu quruculuğundakı nailiyyətlərindən, Vətən torpaqlarının etibarlı müdafiəsindən, Azərbaycan əsgərinin güc və qüdrətindən, şücaət və rəşadətindən xəbəri yoxdur.
Bunu gərək öz gözlərinlə görəsən ki, qiymətləndirə də biləsən. İndi qalxdığımız zirvəni vaxtilə at belində aşaraq qədim Göyçənin Cil, Babacan kəndlərinə getmişdim. At cığırından başqa bir gediş yolu yox idi. Ancaq indi əsgərlərimiz o yerlərə elə strateji əhəmiyyətli yollar çəkib, sərhəddə elə möhtəşəm istehkamlar qurub, qayaları çaparaq elə səngərlər qazıblar ki, yatsaydım da yuxuma girməzdi. Əsgərlər də, maşallah, halaypozan, topdağıtmaz igidlərdir. Qan-qan deyirlər. Görkəmləri şux, gözləri tox, silah-sursatları bol, döyüş texnikaları saz, xidmət şəraitləri də əladan əla. Bircə o qalır ki, Ali Baş Komandanın hücum əmri ilə döyüşlərə atılsınlar. Şəxsən mən belə bir ordu ilə, bu cür igid əsgərlərlə fəxr edirəm!”.