“Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıb

17 avqust 2015 il

Avqustun 17-də Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Gənc Heydərçilər”in hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib.
Həyata keçirilən tədbirdə məqsəd gənclərin sağlam böyüməsinə, idmana marağının artırılmasına və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə nail olmaqdır.
Yolasalma mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Səbail rayonunun ictimaiyyət nümayəndələri, valideyinlər və yeniyetmələr iştirak ediblər.
Əvvəlcə “Gənc Heydərçilər” “Fəxri Xiyabanda” ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini hörmət və ehtiramla yad ediblər.
Sonra Dövlət Himninin ifası ilə açıq elan edilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, ölkəmizə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, uşaqlara olan diqqət və qayğıdan danışıb. A.Əsgərov həmçinin qeyd edib ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb. Müdafiə Nazirliyinin “N” hərbi hissəsində düşərgənin təşkil olunması üçün geniş şərait yaradılıb. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə idman və ibtidai hərbi hazırlıq müəllimləri və onlarla yanaşı hərbi hissənin zabitləri məşğul olacaqlar. İstirahət günlərində şagirdlərin Qusar rayonunun görməli yerlərinə gəzintiləri təşkil olunacaq.
Mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını vurğulayıb, mənalı və yaddaqalan istirahət üçün görülən işlərdən danışaraq uşaqlara xoş istirahət arzulayıb. General-mayor R.Əliyev həmçinin qeyd edib ki, düşərgədə yeniyetmələr hərbi hissə ilə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və məişət şəraitilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu da yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlanmasına, onlarda hərbçi peşəsinə olan marağın artmasına səbəb olacaq.

Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.