Müdafiə Nazirliyi ilə Gədəbəy rayon icra hakimiyyəti birgə tədbir keçirib

4 oktyabr 2015 il

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunları Silahlı Qüvvələrimizin gücünü bir daha nümayiş etdirdi.
Möhtərəm prezidentimizin tapşırığına əsasən irimiqyaslı təlimlər zamanı Müdafiə Nazirliyinin rəhbər heyəti ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyət başçılarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqələrin təşkili mövzusunda birgə müşavirəsi keçirildi. Tədbirdə cəbhədəki real vəziyyət təhlil olundu, gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri əvvəlcədən qabaqlamaq məqsədilə müəyyən problemlərin və onların həllinin tapılması istiqamətində müzakirələr aparıldı.
Müdafiə Nazirliyinin Gədəbəy rayon icra hakimiyyəti ilə birlikdə “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” devizi altında təşkil etdiyi kütləvi hərbi vətənpərvərlik bayramı həmin müşavirədən sonra respublikada keçirilən və xalqla ordunun birliyinin nümayişinə çevrilən tədbirlərdəndir.
Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, eləcə də ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkına gedərək xalqımızın Ümummilli Liderinin xatirəsini hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan həmvətənlərimizin şərəfinə ucaldılmış abidə kompleks və şəhidlər xiyabanı ziyarət edilib.
Müdafiə Nazirliyinin zabiti, hərbi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru polkovnik Abdulla Qurbani belə bir möhtəşəm tədbirin Gədəbəy rayonunda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Qeyd olunub ki, gədəbəylilər bütün zamanlarda Vətənə, xalqa, dövlətə sədaqət nümunələri göstərmiş, torpağı əkib-becərdikləri kimi onu həm də mərdliklə qorumuşlar.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov tədbir iştirakçılarını salamlayaraq ordu mövzusunun, vətənpərvərlik tərbiyəsi işinin bu gün Gədəbəydə də əsas mövzu olduğunu nəzərə çatdırıb. O, qeyd edib ki, həm Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də bu gün bu mövzu Gədəbəy rayonunda prioritetdir. Hazırda bütün qoşun növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə rayon sakini öz əsgəri borcunu şərəflə yerinə yetirir, Vətənə, xalqa xidmət peşəsinə, hərbi ixtisaslara böyük həvəslə yiyələnirlər. İcra başçısı onu da qeyd edib ki, ermənilərin gözü həmişə Gədəbəy rayonunda da olub. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan məcburi qovulmasına nail olan ermənilər 1968-1969-cu illərdə himayədarlarının köməyi ilə Şınıx bölgəsində yerləşən Qaravəllilər, Hacılar, Göyəli kəndlərinə məxsus 730 hektar torpağın zəbt olunmasına, Tağılar kəndinin əhalisinin isə öz doğma yurd-yuvalarından köçürülməsinə nail olsalar da, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlişi ilə bu hadisələrə dərhal müdaxilə edilmiş və Ulu Öndərimizin apardığı məqsədyönlü siyasət nəticəsində məsələ öz operativ həllini tapmış və digər rayonlarımızda olduğu kimi Gədəbəydə də geniş quruculuq-abadlıq işlərinə başlanılmışdır.
Gədəbəylilər keçən əsrin əvvəllərindən erməni daşnaklarına qarşı mübarizədə, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında, eləcə də Qarabağ müharibəsində öz layiqli sözlərini demişlər. İki nəfər Sovet İttifaqı Qəhrəmanı, dörd nəfər Azərbaycanın Milli Qəhrəmanı əslən Gədəbəy rayonundandır.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Ulu Öndərimiz Kremldən uzaqlaşdırıldıqdan sonra Gədəbəy rayonu yenidən ermənilərin hədəfinə çevrilib. Şınıx bölgəsinin iki kəndi, Motudərə və Qasımağalı kəndləri yandırılıb. Lakin buna baxmayaraq Milli Ordumuzun mərd və mübariz əsgərləri, eləcə də Gədəbəyin igid oğulları erməni quldurlarını dərhal Başkənd kəndindən və Şınıx bölgəsinin işğal edilmiş hissələrindən tamamilə təmizləyiblər.
Ulu Öndərimizin yenidən Azərbaycan hakimiyyətinə qayıdışı və prezident seçilməsi gədəbəylilərin də vətənpərvərlik ruhunu daha da artırıb və onlar həm ön, həm də arxa cəbhədə yenə öz xidmətləri ilə Vətənə bağlılıqlarını bir daha sübut ediblər.
Gədəbəy rayonu bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yeni uğurlara doğru inamla irəliləyir.
Tədbir iştirakçılarını Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayan Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev bundan sonra da Gədəbəyin müdafiəsi üçün səylər göstəriləcəyini və tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyini qeyd edib.
Polkovnik Oruc Abdullayev Azərbaycan əsgərinin digər bölgələrdə olduğu kimi bu bölgənin də keşiyində ayıq-sayıq dayandığını, hər gün atəşkəsi bir neçə dəfə pozan düşmənin vaxtında susdurulduğunu, son vaxtlar isə qarşı tərəfin həm texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verdiyini bildirib.
Zabit rayon rəhbərliyi və ictimaiyyətinin orduya göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib və onları əmin edib ki, Gədəbəy rayonu bundan sonra da etibarla qorunacaq, təhlükəsizlik və əmin-amanlıq yüksək səviyyədə təmin ediləcəkdir.
Teatrlaşdırılmış kütləvi mərasim videoçarxların, bədii özfəaliyyət kollektivlərinin, incəsənət ustalarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının çıxışları ilə davam edib. Ön səngərdən gələn əsgərlər alqışlarla qarşılanıb. Ağsaqqallar onlara xeyir-dua verib, xidmətləri yüksək qiymətləndirilib. Döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən hərbçilərə, ön səngərdən gələn döyüşçülərə rayonun icra hakimiyyətinin təsis etdiyi fəxri nişanlar və fərmanlar təqdim edilib.
Tədbirin sonunda Oğuz elinin ağsaqqalı Dədə Qorqudun gəlişi ağsaqqalları köylərə, el-obanı bir ocaq başına yığmağa, camaatı yağılarla savaşa ruhlandırmağa, qələbə tonqalı çatmaq üçün tədarük görməyə, ərənləri isə ön səngərə, sonuncu qələbə ilə nəticələnəcək müqəddəs savaşa atılmağa, Xankəndi, Şuşa, Laçın və digər işğal altında olan torpaqlarımıza qələbə bayrağı sancmağa səsləməsi böyük alqışlara səbəb olub.
Mərasimdən sonra Heydər Əliyev parkında Azərbaycan əsgəri tədbir iştirakçılarını əsgər süfrəsinə dəvət edib. Burada mindən çox tamaşaçı əsgər yeməyinin, əsgər təamının dadına baxıb.
Belə tədbirlər davam edir. Bu günlərdə Beyləqan, Ağdaş, Ağcabədi, Füzuli və digər bölgələrimizdə də xalqla ordunun birliyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik bayramları keçiriləcəkdir.