Hərbi Liseydə Milli Qəhrəmanın xatirəsinə futbol turniri keçirilib

3 noyabr 2015 il

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu təhsil ocağının məzunu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan futbol turniri keçirilib.
Tədbirlər planına əsasən, liseyin kursantları ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Sonra futbol turnirinin açılış mərasimi olub. Mərasimdə Milli Qəhrəmanın ailə üzvləri və Azərbaycan futbolunun görkəmli nümayəndələri Regional Futbol Federasiyasının prezidenti, əfsanəvi “Neftçi” futbol klubunun hücumçusu İsgəndər Cavadov, “Turan” futbol klubunun idarə heyətinin sədri, Futbol Veteranlar Şurasının sədri Oqtay Abdullayev, “Spartak” İdman Cəmiyyətinin sədri Nadir Əliyev, beynəlxalq dərəcəli hakimlər Asim Xudiyev və Fizuli Nəcəfov, milli dərəcəli baş hakim Samir Ələsov iştirak ediblər.
Açılış mərasimi ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən lisey rəisinin müavini, polkovnik Rəhim Səmədov iştirakçılara Əfqan Hüseynov haqqında məlumat verib. Milli Qəhrəmanın həyat yoldaşı Leyla Hüseynova tədbirin təşkilinə görə Müdafiə Nazirliyi və liseyin rəhbərliklərinə, təşkilatçılara və qonaqlara minnətdarlığını bildirib.
İlk oyunun başlanmasını bildirən topu rəmzi olaraq mərkəzdən oyuna İsgəndər Cavadov daxil edib. Oyunun fasiləsi zamanı gənc müğənni Nahid Adəmoğlu tərəfindən Əfqan Hüseynova həsr olunan mahnı ifa edilib.
Sonda komandalar veteran futbolçularla xatirə şəkli çəkdirblər.