Azərbaycan Respublikası Silahlı Qüvvələrində
Silahlara nəzarət üzrə fəaliyyət

Azərbaycan Respublikası adi silahlara nəzarət üzrə digər hərbi-siyasi sazişlərlə yanaşı Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) və Vyana Sənədinin üzvüdür. Respublikamız bu beynəlxalq sazişlər çərçivəsində müxtəlif öhdəliklərini yerinə yetirməkdə davam edir. Azərbaycan Respublikası şəffaflığı və etimadı təmin etmək məqsədilə özünün Silahlı Qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərin inspeksiya qruplarını qəbul edir.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) - 19 noyabr 1990-cı ildə 22 NATO və Varşava Müqaviləsi dövlətləri arasında imzalanmışdır. Sovet İttifaqı dağılandan sonra Müqaviləyə 30 iştirakçı dövlət daxildir. Müqavilə 9 noyabr 1992-ci ildən qüvvəyə minmişdir. 31 may 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi bu Müqaviləni təsdiq etdi. Müqavilə 23 maddədən ibarətdir. Müqavilə adi silahların beş növü üzrə məhdudiyyət təyin edir. Müqavilənin tələblərinə əsasən hər bir iştirakçı dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması və saxlanılması öhdəliklərini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm və yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri və zərbə vertolyotları məhdudlaşdırılır.
15 may 1992-ci ilin Daşkənd görüşündə keçmiş SSRİ respublikaları öz aralarında hərbi texnikanın bölünməsi haqda razılaşma imzaladılar. Bu razılaşmaya əsasən Azərbaycan Respublikasına 220 ədəd döyüş tankı, 220 ədəd zirehli döyüş maşını (onlardan 135 ədəd PDM), 285 ədəd çapı 100 mm və yuxarı olan artilleriya qurğusu, 100 ədəd döyüş təyyarəsi və 50 ədəd zərbə vertolyotu müəyyən edilib. Bundan əlavə tank körpüsalanları üçün də maksimal tavanlar təyin edilmişdir (8 ədəd). Eyni tavanlar Gürcüstana və Ermənistana da təyin edilib.
2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində AASQ Müqaviləsi çərçivəsində müxtəlif iştirakçı dövlətlər tərəfindən 115 dəfə inspeksiya keçirilmişdir.
Vyana Sənədi - 17 noyabr 1990-cı ildə ATƏT üzvü olan dövlətlər tərəfindən imzalanmışdır. Vyana Sənədi 1992, 1994, 1999 və 2011-ci illərdə inkişaf etdirilərək yeni versiyalarda iştirakçı dövlətlər tərəfindən qəbul edilmişdir. Hazırda bu Sənədə 57 dövlət üzvdür.
Vyana Sənədi 12 fəsildən ibarətdir və onun müddəalarına əsasən hər bir iştirakçı dövlət digər bir iştirakçı dövlətin ərazisində hər hansı bir elan olunması tələb olunan hərbi fəaliyyətin olub-olmadığını yoxlamaq məqsədilə "Göstərilmiş rayon"un inspeksiyasını keçirə bilər. Hər bir iştirakçı dövlət ildə 3 inspeksiya qəbul edə bilər. Azərbaycan Silahlı Qüvvələri hər il bu növ 3 inspeksiyanı qəbul edir. İnspeksiyanın keçirilməsi haqda hesabat inspeksiyadan sonra 14 gündən gec olmayaraq ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün iştirakçı dövlətlər arasında yayılır. Bundan əlavə Vyana Sənədi çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində ildə bir dəfə "Qiymətləndirmə" səfəri keçirilir. Səfərin məqsədi illik məlumat mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yerində yoxlanılmasıdır. Səfər yalnız "fors major" hallarında keçirilməyə bilər. "Qiymətləndirmə" qrupu hərbi hissənin şəxsi heyəti, əsas silah və texnika növləri ilə tanış olurlar. Azərbaycan Respublikası bu Sənədə qoşulduğu gündən 2016-cı ilin fevral ayınadək Silahlı Qüvvələrimizdə iştirakçı dövlətlər tərəfindən 58 dəfə "Göstərilmiş rayonun" inspeksiyası və 29 dəfə "Qiymətləndirmə" səfəri keçirilmişdir. Azərbaycan Respublikası ATƏT-in rabitə şəbəkəsinə 1 fevral 2010-cu il tarixində qoşulmuşdur.