Beynəlxalq hərbi əməkdaşlıq

Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Şərqlə Qərb arasında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

  • region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq;
  • Avro-Atlantik strukturlarla əməkdaşlıq;
  • beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənaye kompleksləri ilə əməkdaşlıq;
  • hərbi təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzrə xarici dövlətlərlə hərbi, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq;
  • Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması və inkişaf etdirilməsi istiqamətində hərbi quruculuğun müasir dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə xarici dövlətlərin silahlı qüvvələrində və beynəlxalq təşkilatlarda tətbiq olunan yeni proqram və mexanizimlərin araşdırılması;
  • "Avropada Adi Silahlı Qüvvələr haqqında” 1990-cı il Müqaviləsi və “Etimadın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında” 2011-ci il Vyana Sənədi üzrə inspeksiya fəaliyyətlərində iştirakın genişləndirilməsi;
  • böhranların və silahlı münaqişələrin qarşısının alınmasında, idarə olunmasında, həll edilməsində, nəticələrinin aradan qaldırılmasında, beynəlxalq terrorçuluğa, nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin yayılmamasına, hərbi xarakterli digər müasir çağırışlara və təhdidlərə qarşı əks-təsir səylərinin cəmləşdirilməsi üzrə fəaliyyətlərin genişləndirilməsi;
  • beynəlxalq hərbi əməkdaşlıq sahələrində xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyətlərin inkişafı və genişləndirilməsi;
  • sülhməramlı əməliyyatlarda iştirakı planlaşdırılan şəxsi heyətin və bölmələrin daha səmərəli hazırlanması, döyüş hazırlığı və uyarlılıq səviyyələrinin yüksəldilməsinə töhfənin verilməsi üçün  beynəlxalq təcrübənin və tətbiqi imkanlarının araşdırılması.