"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Silahlara nəzarət üzrə fəaliyyət

Azərbaycan Respublikası Silahlı Qüvvələrində Silahlara nəzarət üzrə fəaliyyət

Azərbaycan Respublikası silahlara nəzarət üzrə bir sıra hərbi-siyasi sazişlərlə yanaşı, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədinin üzvüdür. Respublikamız bu beynəlxalq sazişlər çərçivəsində müxtəlif öhdəliklərini yerinə yetirir. Azərbaycan Respublikası şəffaflığı və etimadı təmin etmək məqsədilə özünün Silahlı Qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərdən inspeksiyalar qəbul edir.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) - 19 noyabr 1990-cı ildə 22 NATO və Varşava Müqaviləsi dövlətləri arasında imzalanmışdır. Sovet İttifaqı dağılandan sonra Müqaviləyə 30 iştirakçı dövlət daxildir. Müqavilə 9 noyabr 1992-ci ildən qüvvəyə minmişdir. 31 may 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi bu Müqaviləni təsdiq etdi. Müqavilə 7 protokoldan ibarətdir və adi silahların beş növü üzrə məhdudiyyət təyin edir. Müqavilənin tələblərinə əsasən, hər bir iştirakçı dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması və saxlanılması öhdəliklərini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm və yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri və zərbə vertolyotları məhdudlaşdırılır. 2017-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində AASQM çərçivəsində müxtəlif iştirakçı dövlətlər tərəfindən 119 dəfə inspeksiya keçirilmişdir.
Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi (VS) - 17 noyabr 1990-cı ildə ATƏT üzvü olan dövlətlər tərəfindən imzalanmışdır. VS 1992, 1994, 1999 və 2011-ci illərdə inkişaf etdirilərək yeni versiyalarda iştirakçı dövlətlər tərəfindən qəbul edilmişdir. Hazırda bu Sənədə 57 dövlət üzvdür. VS 12 fəsildən ibarətdir və onun müddəalarına əsasən hər bir iştirakçı dövlət digər bir iştirakçı dövlətin ərazisində hər hansı bir elan olunması tələb olunan hərbi fəaliyyətin olub-olmadığını yoxlamaq məqsədilə "Göstərilmiş rayon"un inspeksiyasını keçirə bilər. Hər bir iştirakçı dövlət ildə 3 inspeksiya qəbul edə bilər. Azərbaycan Silahlı Qüvvələri hər il bu növ 3 inspeksiyanı qəbul edir. İnspeksiyanın keçirilməsi haqda hesabat inspeksiyadan sonra 14 gündən gec olmayaraq ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün iştirakçı dövlətlər arasında yayılır. Bundan əlavə VS çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində ildə bir dəfə "Qiymətləndirmə" səfəri keçirilir. Səfərin məqsədi illik məlumat mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yerində yoxlanılmasıdır. Səfər yalnız "fors major" hallarında keçirilməyə bilər. Azərbaycan Respublikası bu Sənədə qoşulduğu gündən 2017-ci ilin yanvar ayınadək Silahlı Qüvvələrimizdə iştirakçı dövlətlər tərəfindən 61 dəfə "Göstərilmiş rayonun" inspeksiyası və 29 dəfə "Qiymətləndirmə" səfəri keçirilmişdir.