Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:50

Məktəb ikinci evimizdir

Məktəb ikinci evimizdir. Məhz bu müqəddəs ocaqdan böyük həyata vəsiqə alırıq. Onun üçün də əsl vətəndaş kimi yetişməyimizdə böyük rolu olan müəllimlərimizin əməyini  heç zaman unutmuruq.
Yolumuz Şəkiyə - uca, əzəmətli dağların ətəyində məskən qurub tarixləşən Kiş kəndinədir. Kəndin çay kənarında yerləşməsi burada qədim insan məskənlərinin olduğundan xəbər verir. Kiş kəndi yaşı əsrlərə söykənən tikililəri ilə məşhurdur. Bunlardan ən məşhuru Kiş məbədidir. Bu gün kəndin 7 min əhalisi var. Hazırda kənddə iki məktəb fəaliyyət göstərir. Biri 1928-ci ildə inşa edilmiş 4 saylı tam orta məktəb, digəri isə Heydər Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbdir. Respublikamızın bütün ümumtəhsil ocaqlarında olduğu kimi hər iki məktəbdə də ilk dərs gününün məşğələsi "Ordumuzun şanlı aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdış" mövzusu üzərində quruldu.
Heydər Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbin müəllim və şagird heyəti yeni dərs ilinə böyük sevinc, yüksək əhval-ruhiyyə ilə hazırlaşıb. Bu onların üzlərindəki təbəssümdən də açıq aydın sezilirdi. Əllərində gül-çiçək tutmuş birincilər məktəb yollarında ilk kövrək addımlarını atacaqdılar. Valideynlər həyəcanla, səbirsizliklə birinci zəngin səslənməsini gözləyirdilər. Gənc nəslin təlim-tərbiyəsində ömrünü şam kimi əridən müəllimlər yeni dərs ilinin açılması və Bilik günü münasibətilə bir-birilərini təbrik edirdilər. Əvvəlcə məktəbin direktoru Elçin Qarayevlə görüşüb gəlişimizin məqsədi barədə məlumat verdik.
Elçin müəllim bizimlə söhbətində bildirdi ki, kəndimiz ucqar dağ kəndi olsa da, burada təhsilin səviyyəsi hər dönəmdə yüksək olub. “İstər Sovet dönəmində, istərsə də müstəqillikdən sonrakı dövrdə. Ulu Öndər rayonumuza gələrkən Kiş kəndində müasir məktəb kompleksinin tikilməsi barədə tapşırıq vermişdi. 2005-ci ildə gördüyünüz bu müasir məktəb kompleksi tikilib istifadəyə verildi. Məktəbimiz Ümummilli Liderimizin adını daşıyır. Hər il onlarla məzunumuz 600-dən yuxarı bal toplayaraq respublikamızın müxtəlif ali məktəblərinə daxil olur. Məktəbdə nizam-intizam qaydaları möhkəm qorunur, dərsə davamiyyət hər zaman yüksəkdir".
Gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən məktəb direktoru onu da vurğuladı ki, məktəbimizin müəllimləri hazırlıqlı, daim öz üzərlərində çalışaraq bilik səviyyələrini artıran müəllimlərdir. “Onlar daim tədbirlərdə fəal iştirak edərək gənclərimizə Vətənə məhəbbət, torpağa bağlılıq hissləri aşılayırlar. Millli-mənəvi dəyərlərimiz, qəhrəmanlıq tariximiz öyrənilir və bununla da əsas məqsədimiz məktəblilərin vətənpəvərlik ruhunda tərbiyə olunmalarıdır. Gördüyünüz kimi, ilk dərs gününün mövzusu da ordumuzun aprel döyüşləri və işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışla bağlıdır. Kəndimizin iki şəhid oğlu - vaxtilə məktəbimizi bitirən məzunlarımız  mayor Aqşin Abdullayevin, gizir Orxan Hümmətovun və digər şəhidlərimizin qəhrəmanlıqları haqqında məktəblilərə geniş məlumatlar çatdırıldı".
Söhbətimizi məktəbin tarix müəllimi Ələddin Ramazanovla davam etdiririk. O söylədi ki, tarixdən, ədəbiyyatdan, ümumiyyətlə, humanitar fənlərdən dərs demək hər bir müəllimdən məsuliyyət tələb edir. “Çünki xalqımızın qəhrəmanlıq tarixini öyrədən, gələcək həyatlarında mühüm rol oynayan amilləri şagirdlərə düzgün başa salan və onları milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edən məhz bu sahədə çalışan müəllimlərimizdir.”
İlk dərs gününün məşğələsinin "Aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdış" mövzusunda keçirilməsinin əhəmiyyətini vurğulayan Ələddin müəllim bildirdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı qaçqın və köçkünlərimizdə işğal altında olan torpaqlarımızın düşməndən azad edilərək doğma yurdlarına qayıdacaqlarına böyük inam yaratdı. "Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Bu gün Cocuq mərcanlılar öz doğma torpaqlarına qayıdıblar. Ordumuzun şanlı aprel döyüşlərindən sonra alınan mühüm əhəmiyyətli Lələtəpə yüksəkliyi düşmən tərəfdən Cocuq Mərcanlı kəndinə yaranan təhlükəyə birdəfəlik son qoydu. Aprel döyüşləri xalqımızda qələbəyə inamı artırdı. Silahlı Qüvvələrimizin gücünü, qüdrətini nəinki düşmənə, o cümlədən dünyaya göstərdi. Hərbçilərimizin döyüş əzmini, vətənsevərliyini, torpaqsevərliyini göstərdi. İşğalçı Ermənistanın bir daha qorxaqlığını, təcavüzkarlığını göstərdi. Kəndimizdən aprel döyüşlərində şəhid olan gizir Orxan Hümmətovun, bu il fevralın 24-də düşmən təxribatının qarşısını alarkən canından keçən şəhid mayor Aqşin Abdullayevin qısa, lakin şərəfli həyat yolu təkcə Kiş kəndinin gənclərinə deyil, bütün Azərbaycan gəncliyinə örnəkdir".
Məktəb müəllimləri ilə söhbətlərdən qürur hissi keçirdim və mənə bir daha aydın oldu ki, Aqşin də, Orxan da qəhrəmanlıq yolunu - müqəddəs hərbçi olmaq peşəsini seçməyə bilməzdilər. Həm də Vətən, torpaq yolunda canlarından, qanlarından keçib şəhidlik zirvəsini də fəth etməyə bilməzdilər!

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"