Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:37

Bir dəstə çiçək

Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid oldu. Qəhrəmanlıqla şəhid oldu. Onun qəhrəmanlığı hər bir Azərbaycan əsgəri üçün örnəkdir, Silahlı Qüvvələrimizin şəxsi heyətinin istər döyüş, istərsə də mənəvi hazırlığının səviyyəsinin təsdiqidir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə xidmət etdiyi posta Çingiz Qurbanovun adı verilib. Bu, şücaəti, qətiyyəti, Vətən sevgisi ilə xidmət etmiş əsgərə böyük ehtiramdır. Əməkdaşımızın "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post"a ezamiyyəti də məhz bu amillə bağlıdır: qəhrəmanlıq, qəhrəmanlar unudulmur, yaşadılır...
"Azərbaycan Ordusu"

Səngərlər çağırır məni - səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizlə kəlmələşməyin təşnəsiyəm. Hər dəfə eşitdiklərim gözlərimin nuruna dönür, dizimin taqətinə, ürəyimin təpərinə. Bu çağırış ərkdi. Əsgərin sözə, sözün cəfakeşlərindən olan "Azərbaycan Ordusu"na səmimi ərki...
Neçə gündü ürəyim məni Tovuza çəkir - baxışım əsgərlərimizin baxışlarından, sözüm əsgərlərimizin sözlərindən tamsınacaq, bir mətləb mənim də, onların da ruhunun səyyarəsi olacaq: yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcək! Bu mətləbi "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına poçt"da əsgərlərlə nəfəs-nəfəsə yaşayacağıq, bu mətləbi məmləkətimizə gözaydınlığı biləcəyik. Uzaqda olmayan həmin günün səhəri ayrı ovqatla açılacaq, həmin gün doğulacaq körpələrə Qələbə adı veriləcək, yəqin. Qələbələr Qələbənin necə qazanıldığını biləcəklər, şəhidləri ömürlərində yaşada-yaşada yaşa dolacaqlar, böyüyəcəklər, əsgər olacaqlar - torpaqlarımızın müdafiəsində dayanacaqlar. Könlümdən bu düşüncələri tütyə kimi gözlərimə çəkmək keçir.
Çingizi qohum-əqrəbalarından, tələbə yoldaşlarından, müəllimlərindən savayı heç kim tanımırdı. 2016-cı ilin yayında əsgər yoldaşları tanıdı, komandirləri tanıdı. İndi hamı tanıyır; tələbə ömrü yaşadı, tələbəliyi xatirələrə çevrilməmiş hərbi xidmətə çağırıldı - Çingiz Qurbanov döyüş növbətçiliyi apara-apara 8 ay əsgər ömrü yaşadı. Qəhrəmanlığı onu milyonların ruhunun can ortağı etdi...
Çingiz necə əsgər olub? - xidmət yoldaşları Çingizi kövrəkliklə, qürurla xatırlayırlar. "Aprel döyüşlərindən danışanda bir qədər təəssüflənirdi, kaş onda biz də xidmətdə olaydıq", - deyirdi. Bu təəssüf səkkiz ay Çingizlə birgə döyüş növbətçiliyi aparıb"...
Xocalıda donanları xatırlayıb, Meşəlidə, Ağdabanda yananları xatırlayıb. Tərtərdə gecənin gecə vaxtı düşmənin üstünə gedən, onlarla düşmənlə tək vuruşan, Vəziri xatırlayıb, özünü ermənilərin tankının altına atan Etibarı xatırlayıb, Mübarizi xatırlayıb - Vətənin sıxılcımlarını xatırlayıb, Vətənin qaysaqlamayan yaralarını xatırlayıb. Xatırladıqca qəlbi qana dönüb Çingizin. Təəssüfü bir boy da dikəlib. Yumruqları düyünlənib. Dekabrın 29-da ürəyi postun arxasından dərəyə enən, illərdən bəri ayaq dəyməyən cığıra tərəf çəkib Çingizi. Onu həzin-həzin əsən yellər uğurlayıb, Ay işığı uğurlayıb, bir də Vətənin qayıbanə səsi: "Get!.."...
Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizlik təyini yaratdı, Çingiz Qurbanovun qəhrəmanlığı Çingizləşmə...
Kənddə "Çingiz Qurbanov küçəsi"ndən keçib "Çingiz postu"na gedirik. Ora üçüncü gəlişimdi. Ötən dəfə Çingizin atasıyla getmişdim. Gördüklərim də, eşitdiklərim də düşüncələrimin ruhuna dönmüşdü: Salman kişi Çingizin daş-divardan dikələn baxışlarını görüncə dayanmışdı. Baxmışdı. Yaxınlaşmışdı. Bir vaxtlar qoşa qolları oğlunun kürəyində çarpazlaşardı. O qollar daş-divarı bağrına basmışdı. "Mənim oğlumuydun, indi Vətənin oğlusan..." - demişdi. Təki Vətən yaşasın!" -  pıçıldamışdı.
Həmin posta hərbi hissənin zabiti Elşad Heydərovla gedirəm. Bir əlim inamdan yapışıb, bir əlim güvəncdən, inandığım, güvəndiyim əsgərlərin yanına tələsməkdəyəm...
- Qarşı tərəf meşəlikdi. Bu, döyüş növbətçiliyi aparan əsgərdən son dərəcədə böyük diqqət, sayıqlıq tələb edir. Əsgərlərimizin sayıqlığını bilən düşmən tərpənməyə cəsarət etmir. Belə mövqelərdə sayıqlıq hərbi xidmətin açarıdı, - zabitin dediklərini təmas xəttində hərbi xidmət düsturu bilirəm...
Öyrənirəm ki, bu postda xidmət etmiş əsgərlər zamandan vaxt alanda komandirlərin icazəsiylə bura gəlir, əsgərlərlə kəlmələşir. Aprel döyüşlərindən, aprel döyüşlərinin qəhrəmanlarından, şəhidlərdən, Vətəndən, torpaqdan danışırlar.
Mənə elə gəlir ki, Çingizin qayibanə səsini eşidirəm: "Gəldinizmi? Atam hanı? Ötən dəfə buradan çiçəklər aparmışdı. O çiçəklər açıbmı?.."... "Sənin adını daşıyan postda xidmət edən əsgərlər o çiçəklərin yanında Cıdır düzündən gətirəcəkləri çiçəkləri də göyərdəcəklər..." - deyirəm. Yerin göyə, göyün yerə sədaqəti biçimində deyirəm və könlüm bir vaxtlar Çingizin döyüş növbətçiliyi apardığı posta meyillənir...
Bir topa bulud postu kölgələndirib. Təbiətin "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post"da xidmət edənlərə ehtiramıdı - düşünürəm...
Postda döyüş növbətçiliyi aparan əsgərlərin hər birinin Çingizləşməyə hazır olduğuna zərrəcə şübhə etmirəm. Onların əhatəsindəyəm. Torpaqdan, Vətəndən danışırıq, bir də Çingiz Qurbanovdan. "Bir vaxtlar Çingizin dayandığı postda dayanmağın qürurunu da yaşayırıq, məsuliyyətini də dərk edirik. Döyüşdə şəhid olsam, mənim atam da Salman əmi kimi "Təki Vətən yaşasın!" deyər..." - əsgər Orxan Sultanov baxışlarını qarşı tərəfdən üzmədən belə deyir.
Neçə ay əvvəl Tovuzun Şəhidlər xiyabanında gördüyüm, kəlmələşdiyim 5 yaşlı Turalın dediklərini xatırlayıram. "Böyüyəndə kim olacaqsan, balaca?" - sualıma qətiyyətlə "Çingiz olacam!" - demişdi. Bağrıma basmışdım Turalı - Çingizin əvəzinə...
Orxan deyir ki, döyüş növbətçiliyinə bir vaxtlar Çingizin olan yatağına, sonra Çingizin obeliskinə baxdıqdan, Çingizin ruhuyla pıçıldaşdıqdan sonra gedirik. Əsgər hərbi xidmətə başlayanda Vətənə sədaqət andı içir. "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post"da hər gün dəfələrlə and içilir: "Sənin döyüş yolunu davam etdirəcəyik!". Əsgərlərin düşündüklərini - dediklərini zabit Elşad Heydərovdan eşitdiklərim tamamlayır:
- Əsgərlərin döyüş hazırlığı kimi mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Onlar məhz bu postda xidmətin nə dərəcədə qürurverici olduğunu yaxşı dərk edirlər. İctimai-siyasi dərslərdə Azərbaycanın Milli Qəhrəmanlarından, əsasən, Çingiz Qurbanovdan da danışılır, onların vətənpərvərliyinin mahiyyəti açıqlanır. Bir dəfə "Çingiz qəhrəman olmaya bilərdimi?" - sualını əsgərlərdən biri belə cavablandırmışdı: Xeyr. Çingiz 2016-cı il dekabrın 29-da olmasa da, yanvarda, fevralda, hansı məqamdasa qəhrəman olacaqdı. Vətən sevgisi onu hansı döyüşdəsə qəhrəman edəcəkdi...". Çingizlə qürurlandığım qədər o əsgərlə də qürurlanmışdım. Bu postda xidmət edən əsgərlərin hamısı, sizin sözünüzün qüvvəti, Çingizləş-məyə hazır olan əsgərdi...
Baş leytenant Nüsrət Rəhimov deyir ki, burada xidmətə başlayan gənc əsgərlərlə ilkin söhbətlərimizdə qəhrəmanlıqdan da, Çingizdən də danışırıq. Tam səmimiyyətlə deyirəm ki, hər biri məhz bu postda xidmət etdiyinə sevinir, "Çingizin etmək istədiklərini biz başa çatdıracağıq", - deyir. Çingiz nə istəyirdi? - torpaqlarımızın işğaldan azad edilməsini. Əsgərlərimiz o günün tezləşməsinin həsrətindədi...
Döyüş növbətçiliyinə gedənləri Çingizin baxışları uğurlayır: "Elə xidmət edin ki, axar sularımız qurumasın, açar çiçəklərimiz ləçəkləsin, bulaqlarımız çağlasın, atlarımız kişnəsin, Zəhraların dum-duru ömürlərinə güllə, qəlpə dəyməsin..." - Dədə Qorqudun ruhundan süzülən kəlmələrdi...
"Çingiz Qurbanovun qəhrəmanlığını aprel döyüşlərinin davamı bilirəm", - deyirəm. Kapitan Elşad Heydərov qətiyyətlə, "Haqlısınız", - deyir. "Aprel döyüşləri əsgərlərimizin ruhunu Böyük Qələbəyə köklədi. Çingizin qəhrəmanlığı Böyük Qələbənin zərrəsidi. Çox dəyərli zərrəsidi. Həm hərbi baxımdan, həm də mənəvi baxımdan..."...
Nənələr nəvələrinə nağıl danışacaq: "Biri vardı, biri yoxdu. Bir Çingiz vardı. Qusarda doğulmuşdu...". Davamını nəvələr danışacaq: "Onda torpaqlarımız düşmən əlindəydi. Çingiz əsgəriydi. Bir gün təkbaşına düşmənlərin üstünə getdi. Döyüşdü. Dördünü öldürdü..." - qırışığı bura gələli açılan düşüncələrimin cazibəsindəykən əsgərlərin qətiyyətlə, sevgilərlə, səmimiyyətlə dediyi kəlmələrə sarı boylanıram: "Çingiz sıramızdadı!..". Şeyx Şamilin bir kəlamı düşür yadıma: "Sonunu düşünən qəhrəman olmaz". Çingiz işğalın sonunu düşünürdü, ömrünün yox. Bu əsgərlər də işğalın sonunu düşünür, şübhəsiz.
Bir məqam diqqətimdən yayınmır: döyüş növbətçiliyindən qayıtmış əsgərlər Çingizin obeliskinin qarşısında dayanıb. Heç biri dillənmir. Baxışları Çingizin daş baxışıyla danışır sanki: "Həmişə sıramızdasan, qardaş!..."...
Diqqətimi postun yan-yörəsindəki daşlar çəkir: daş daşa söykənib, daş daşa mehirləşib. Gördüklərim duyumumu tərpədir, misralaşır: “Yağı saçını yolar, söykək olsa daş daşa!..” - deyirəm. Zabit də gülümsünür, əsgərlər də. Mətləbimin belə anlaşılması mənə könül xoşluğu verir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hidayət Poladovun dedikləri əsgərin əsgərə, əsgərin qəhrəmanlığa, əsgərin dövlətçiliyə sədaqəti kimi, müharibənin sonunun uzaqda olmadığının təsdiqi kimi dinlənilir:
- Salman əmiyə bir dəstə çiçək veriblər ki, Çingizin məzarı üstünə qoysun. Hər birimiz Çingiz üçün Cıdır düzündən bir dəstə çiçək gətirəcəyik!
Postda yaxın vaxtlarda dəriləcək həmin çiçəklərin ətrini duyuruq...
Qələbə günü dərəcəyim bir dəstə çiçəyi bütün şəhidlərə ehtiram kimi "Şəhidlər xiyabanı"na aparacam. Nəvəmlə birgə...

Hazırladı: Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR