Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2013 09:00

Yarım finalda Azərbaycan – Oman, İraq – Kot-Divuar komandaları qarşılaşacaq

Hər iki oyun iyulun 12-də saat 21:00-da keçiriləcək

İyulun 10-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. 1/4 final mərhələsinin ən gərgin və həyəcanlı oyunu Azərbaycan komandası ilə Bəhreyn komandası arasında baş tutub. İlk qolu Azərbaycan komandası vurub fasiləyə üstün vəziyyətdə getsə də, sonradan Bəhreyin komandası iki qola imza ataraq önə keçib. Oyunun əsas vaxtı 1-2 hesabı ilə Bəhreyn komandasının xeyrinə yekunlaşmaq üzrə olarkən, hakimin əsas vaxta əlavə etdiyi son dəqiqədə Azərbaycan komandası hesabı bərabərləşdirib. Qarşılaşma heç-heçə başa çatdığı üçün 30 dəqiqəlik əlavə vaxt verilib və Azərbaycan komandası 106-cı dəqiqədə Rəhman Hacıyevin vurduğu qol nəticəsində 3-2 hesabı ilə əzmkar qələbə qazanıb.

1/4 final mərhələsində keçirilən digər 3 oyunda isə cütlərin taleyinə əsas vaxtda aydınlıq gətirilib.

Əlcəzair komandasından İraq komandası 1-2 hesabı ilə üstün olub. Oman komandası isə Qətər üzərində 3-0 hesabı ilə qələbə qazanıb. Sonuncu oyunda isə Kamerun komandası 1-2 hesabı ilə Kot-Divuar komandasına məğlub olub.

Beləliklə, Azərbaycan, İraq, Oman və Kot-Divuar komandaları yarım final mərhələsinə keçiblər.

İyulun 12-də Dalğa stadionunda  Azərbaycan - Oman, Şəfa stadionunda isə İraq Kot-Divuar komandaları qarşılaşacaqlar. Hər iki oyun saat  21.00-da başlayacaq və birinci oyun İdman Azərbaycan kanalı və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq.