Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2016 09:00

Xocalı soyqırımının ildönümü yad edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə xocalıların məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Xocalı yol gözləyir" devizi altında faciə qurbanlarının kütləvi anma mərasimi keçirilib.
Relyef etibarı ilə Xocalını xatırladan təpədə Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenari və rejissorluğu ilə reallaşan teatrlaşdırılmış kütləvi mərasimi yüzlərlə Goranboy və Xocalı sakini, eləcə də bölgədə Vətən torpaqlarının keşiyini çəkən hərbi qulluqçular izləyiblər.
Hərbiçilərin və döyüş texnikalarının cəlb edildiyi tədbirdə 24 il əvvəl fevralın 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalıda törədilmiş, bəşər tarixində ən dəhşətli qətliyamlardan olan faciədən səhnələr canlandırılıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı üzvlərinin, Gəncə Dövlət Dram Teatrı aktyorlarının, eləcə də Goranboy rayon Mədəniyyət və Turizm şöbəsi birləşmiş özfəaliyyət kollektivlərinin iştirakı ilə bir-birindən təsirli səhnələr təqdim olunub.
Aparıcılar, Abdulla Qurbani və Xalq artisti Pərvanə Qurbanova faciənin baş vermə səbəbləri, azərbaycanlılara qarşı ermənilərin və onların havadarlarının apardıqları növbəti soyqırımını faktlar və rəqəmlərlə xatırladıblar.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə həmişə dayaq olduqlarını, ölkə rəhbərliyinin onlara daim diqqət və qayğı göstərdiyini qeyd ediblər.
Bu soyqırımın erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olduğunu qeyd edən birlik komandiri general-mayor Hikmət Həsənov tədbir iştirakçılarını əmin edib ki, xalqına və dövlətinə arxalanan Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır və qələbə bayrağımız tezliklə işğal altındakı torpaqlarda, eləcə də Xocalıda dalğalanacaqdır.
Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək xocalılara göstərilən diqqət və qayğıya, dərdlərinə həmişə şərik olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə xocalılar adından minnətdarlığını bildirib.
Tədbirin sonunda bölgənin müdafiəçiləri və bütün tədbir iştirakçıları Xocalını azad etmək uğrunda mübarizəyə hazır olduqlarını qeyd ediblər.