Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2016 09:00

Xalq artisti gənc əsgərlərlə görüşüb

Hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin də rolu çox böyükdür.
Bu işin əhəmiyyətini nəzərə alan Müdafiə Nazirliyi ölkəmizin bütün yaradıcılıq təşkilatları ilə mütəmadi olaraq əlaqə saxlayır, xüsusi plana əsasən silsilə tədbirlər həyata keçirilir.
Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Xalq Artisti Alim Məmmədovun gənc əsgərlərlə görüşü şəxsi heyətdə xoş təəssüratlar oyadıb.
Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Xalq Artistinin həyat və yaradıcılığı haqqında məlumat verərək onun Azərbaycan teatrı və kinosu tarixində mühüm yer tutduğunu nəzərə çatdırıb.
Qeyd olunub ki, on altı yaşından səhnə fəaliyyətinə başlayan aktyor "Bir cənub şəhərində", "Qara volqa", "Ölülər" və başqa filmlərdə, eləcə də Azərbaycan və dünya klassiklərinin, çağdaş dramaturqların tamaşaya qoyulan bir çox əsərlərində uğurla çıxış etmiş və aparıcı aktyor kimi xidmətləri həmişə yüksək qiymətləndirilmişdir.
Xalq Artisti Alim Məmmədov Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi kütləvi vətənəpərvərlik tədbirlərində də yaxından iştirak etmiş, ona həvalə edilən obrazların öhdəsindən layiqincə gəlmişdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti A.Məmmədovu Nizami Gəncəvi, Cavanşir, Cavad xan, Mücirəddin Beyləqani, general Əliağa Şıxlinski, hərbiyyə nazirimiz Səmədbəy Mehmandarov və başqa şəxsiyyətlərin obrazlarının mahir ifaçısı kimi tanıyır.
Xalq Artisti gənc əsgərlər qarşısında çıxış edərək hərbi xidmət illərini yada salıb, yaratdığı obrazların dili ilə onları salamlayıb, monoloqlar, vətənpərvərlik şeirlərindən nümunələr söyləyərək əsgər və zabitləri ruhlandırıb, gələcək xidmətlərində uğurlar qazanmağı arzulayıb və onları maraqlandıran sualları cavablandırıb.
Polkovnik-leytenant Elşən Salayev dəvətlərini məmnuniyyətlə qəbul edərək gənc əsgərlərlə görüşə gələn və onlarda xoş əhval-ruhiyyə yaradan sənətkara şəxsi heyət adından dərin minnətdarlığını bildirib, Müdafiə Nazirliyinin xətti ilə nəşr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kitab-albomu Xalq Artistinə xatirə olaraq hədiyyə edib.