Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2012 09:00

Ukraynanın müdafiə naziri Azərbaycana səfər edib

Noyabrın 12-də Ukraynanın müdafiə naziri Dimitri Salamatinlə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Nazirlərin əvvəlcə geniştərkibli, sonra isə təkbətək görüşü olub. Nazir Səfər Əbiyev Azərbaycanla Ukrayna arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafından söhbət açaraq bildirib ki, son illər bu əməkdaşlıq hərbi və hərbi sənaye kompleksində də özünü geniş şəkildə göstərir.
Görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Səfər Əbiyev qeyd edib ki, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi bu günədək həll edilməyib. Onun sözlərinə görə, Minsk Qrupunun fəaliyyəti də heç bir nəticə verməyib. «20 ilə yaxın işğal altında qalan torpaqlarda bütün infrastruktur, maddi-mədəniyyət abidələri darmadağın edilib. Ermənistan silahlı bölmələrinin Xocalı şəhərində təsəvvürə gətirilməyən qətliamı bütün dünyaya bəllidir. Nazir Səfər Əbiyev bildirib ki, Azərbaycan daha bundan sonra işğal faktının uzanmasına yol verə bilməz. O, münaqişənin sülh şəraitində həll edilmədiyi halda torpaqların başqa vasitələrlə işğaldan azad ediləcəyini önə çəkib.
Görüşün sonunda 2013-cü il üçün Azərbaycan və Ukrayna müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.