Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2015 09:00

Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib.
Mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Bayram münasibətilə Müdafiə naziri adından qonaqlara ziyafət verilib. Tədbir Xalq artisti Azərinin və Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.


***


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı


Hörmətli qonaqlar!
Cənab generallar və zabitlər!
Sizi Silahlı Qüvvələrin 97-ci ildönümü münasibətilə təbrik edirəm, xidmətlərinizdə uğurlar arzulayıram. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
İl ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib. Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur. Bütün fəaliyyətlər birbaşa Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısının nəticəsidir.
Ötən gün Möhtərəm Prezident Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdi. Şəxsi heyətin qarşısında çıxış edərək Ali Baş Komandan Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verdi, ordu qarşısında qəti vəzifələr qoydu. O, qeyd etdi ki, Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifə, torpaqları işğaldan azad etməyə daim hazır olmaqdır.
Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Cənab Prezident xüsusi qeyd etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin.
Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaqdır.
Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəkdir.
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirəm.
Bayramınız mübarək.