Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2014 09:00

Şəhid kapitan Məmmədov Fikrət Akif oğlu hərbi rituallara uyğun olaraq dəfn edilib

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.
İkinci Şəhidlər xiyabanında izdihamlı dəfn mərasimində Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbaninin aparıcılığı ilə mitinq oldu. Öz çıxışında zabit kapitan Fikrət Məmmədovun Vətən uğrunda canından keçdiyini, qəhrəmanların, Vətən uğrunda dünyasını dəyişənlərin əbədiyyətə qovuşduğunu söylədi.
Mərasimdə Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov çıxış edərək kapitan Fikrət Məmmədovun həyat və döyüş yoluna nəzər saldı, sonuncu döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışdı. O, üzünü mərasim iştirakçılarına tutaraq dedi:" Mən hər birimiz üçün bu kədərli anlarda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və bütün şəxsi heyətin baş sağlığını bir daha şəhidimizin ailəsinə, doğmalarına, əzizlərinə çatdırır və əminliklə bildirirəm ki, şəhidimizin qanı yerdə qalmayacaq və onun intiqamı tezliklə alınacaqdır. 28 may-Respublika Günündə şəhidlik zirvəsinə ucalmış kapitan Fikrət Məmmədovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!"
Polkovnik R.Əmirov kapitan Fikrət Məmmədovun döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərdiyinə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərildiyini bildirib.
Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə 2-ci Şəhidlər Xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.