Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2014 09:00

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Aprelin 7-də Müdafiə Nazirliyində Azərbaycana rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Ordu generalı V.Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf Kitabı"nda ürək sözlərini qeyd edib.
Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.
Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.
İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məslələri müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ordu generalı V.Gerasimovu qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Rusiya hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı V.Gerasimov Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladimir Doroxin iştirak ediblər.