Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2015 09:00

"Xalq və ordu birdir" devizi altında keçirilən Ümumrespublika bədii-təşviqat marafonu davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər planı və Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə "Xalq və ordu birdir" devizi altında keçirdiyi Ümumrespublika bədii-təşviqat marafonu uğurla davam etdirilir.
Mart ayının əvvəllərində Gəncə şəhərindən start götürən marafon çərçivəsində Ağcabədi və Masallı rayonlarında da teatrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimləri təşkil olunmuşdur. On minlərlə yerli sakinin, hərbi qulluqçunun, veteran və qonaqların iştirak etdiyi həmin tədbirlər xalq ilə ordunun monolit birliyinin, eləcə də Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinə çevrilmiş, tədbir iştirakçıları Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan etmişlər.
Masallı rayonunda keçirilən tədbir iştirakçıları öncə Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edərək, qarşısına gül dəstələri qoyublar. Parkın ərazisində Müdafiə Nazirliyinin təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan veteranları" foto-sərgisi ilə tanışlıq olub.
Kütləvi vətənpərvərlik mərasimi açıq elan edildikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə bütün iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış kütləvi tamaşada 300 nəfərdən çox incəsənət xadimi, hərbçi, birləşmiş özfəaliyyət kollektivlərinin üzvləri iştirak edib. Azərbaycanın, eləcə də Masallı rayonunun hərbi şöhrət tarixinə ekskurs edilib, qəhrəmanlar xatırlanıb, hərbi vətənpərvərlik mahnı, marş və rəqsləri ifa edilib.
Mərasim iştirakçıları 1945-ci ildə Reyxstaq üzərinə sancılmış rəmzi Qələbə bayrağını və Azərbaycan milli diviziyalarının döyüş bayraqlarını meydana gətirən Böyük Vətən müharibəsi veteranlarını alqışlarla qarşılayıblar. Veteranlar Azərbaycan əsgərinə müraciət edərək onların da üçrəngli bayrağımızı tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi Azərbaycan torpaqlarında dalğalandırmalarını arzulayıblar.
Qeyd olunub ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin qazanılmasında digər amillərlə yanaşı xalq və ordunun birliyi də müstəsna rol oynayıb. Odur ki, müharibə şəraitində yaşayan, ərazisinin bir hissəsi işğal edilmiş ölkəmizdə bu gün də xalq və ordu yekdil olmalı və "Hər şey ordu üçün, hər şey Qələbə üçün!" şüarı hamını bir məqsəd, bir amal uğrunda birləşdirməlidir.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin bu gün Cənubi Qafqazda ən güclü, qüdrətli ordu olması Azərbaycan əsgərinin son aylarda cəbhə bölgələrində düşmən kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə alması, irimiqyaslı gündüz və gecə taktiki təlimlərindən mülki əhalinin də böyük qürur duyduğu vurğulanıb.
Övladları Vətən torpaqlarının keşiyində öz əsgəri borcunu şərəflə yerinə yetirən əsgər valideynlərinə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəkkür və təbrikləri çatdırlıb. Ön səngərdən qısa müddətli məzuniyyətə gələn əsgərlərin isə gözlənilmədən valideynləri ilə qəfil görüşü tamaşaçılarda duyğulu anlar yaşadıb.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında bildirib ki, ölkə rəhbərinin sərəncamı ilə təsdiq edilmiş 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər palnından irəli gələn vəzifələr ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da uğurla həyata keçirilir. Marafonun Masallıda keçirilməsi isə rayon əhalisinin böyük ruh yüksəkliyinə səbəb olub.
Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Cəli Xəlilov Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə keçirdiyi silsilə tədbirlərin əhəmiyyətindən danışmış və bir qrup rayon fəalına "Veteran həmrəyliyi" medalını təqdim etmişdir.
Tədbir Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi "Bizim bayrağımız tezliklə Xankəndidə, Şuşada, Laçında və digər işğal edilmiş torpaqlarımızda dalğalanacaqdır. Biz Qələbə gününü görəcəyik." sözləri və iştirakçıların birlikdə ifa etdiyi "Gələcəyik Qarabağa" mahnısının sədaları altında başa çatıb.