Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2016 09:00

Murovdağ döyüşçüləri Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavadın xatirəsini yad ediblər

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə 22 il öncə cəbhəyə yola salınan, Murovdağdakı "N" saylı hərbi hissənin bir qrup döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısı dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində müqəddəs dövlətçilik rəmzlərimizdən olan Azərbaycan Respublikası Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın xatirəsini yad ediblər.
Əvvəlcə bu böyük şəxsiyyətlərin Şəmkir şəhərinin İstiqlal parkında ucaldılmış abidələri ziyarət olunaraq qarşılarına əlvan qərənfillər düzülüb, xatirələri hörmət və ehtiramla yad edilib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani məlumat verərək bildirib ki, oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. Bütün xalqımız kimi bu yubileyi Silahlı Qüvvələrimizin şəxsi heyəti də qazandığı uğur və nailiyyətlərlə qarşılayır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bütün birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yubileylə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Murovdağdan gələn döyüşçülər də məhz bu gün müqəddəs dövlət atributlarından olan Dövlət himnimizin müəlliflərinin abidələrini ziyarət etməklə, Vətənə, xalqa, dövlətə, ölkə rəhbərliyinə öz sədaqətlərini, Ali Baş Komandanın isə əmrlərinə hər an hazır olduqlarını bir daha bəyan etmək üçün buradadırlar.
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Murovdağ döyüşçülərini salamlayaraq onlara səmimi arzularını çatdırıb. "Müstəqilliyini yenidən bərpa etmiş respublikamız 25 il ərzində böyük inkişaf yolu keçərək iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində, həmçinin ordu quruculuğunda böyük uğurlar qazanıb", - deyən icra başçısı xüsusilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xilaskarlıq missiyası ilə Azərbaycan rəhbərliyinə qayıdışıyla ölkəmizin yeni bir tərəqqi mərhələsinə qədəm qoyduğunu, dövlətimizin gücləndiyini, xalqın rifahının yüksəldiyini və dövlət müstəqilliyimizin təhlükəsizliyinin qarantı olan mütəşəkkil milli ordumuzun yarandığını böyük fəxrlə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov Azərbaycan Respublikasının Dövlət himninin yaranma tarixi barədə ətraflı məlumat verib. O, xatırladıb ki, hələ Azərbaycan Xalq Cumhuriyyəti hökuməti dövründə digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar atılıb, qərarlaar qəbul edilib. Lakin Dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməyib. Yalnız 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib və həmin Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi qəbul edilmişdir. 1993-cü il 2 mart tarixində isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Dövlət himnimiz haqqında əsasnamə təsdiq edilmişdir.
Murovdağ döyüşçüləri adından çıxış edən baş leytenant Vüsal Alızadə şair Əhməd Cavadı xalqımıza bəxş edən bir diyarda olmaqdan böyük qürur duyduqlarını bildirib və bu görüşü əsgərlik həyatının yaddaqalan anlarından biri kimi qiymətləndirib. O, tədbir iştirakçılarını əmin edib ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı xalqımıza uzun illərdən sonra qələbə sevinci yaşatdığı kimi biz də tezliklə xalqımıza cənnət Qarabağımızdan qələbə müjdələri gətirəcəyik. Hər bir Murovdağ döyüşçüsü Ali Baş Komandanın əmrlərinə hazırdır və işğal edilmiş torpaqları düşməndən azad etməyə qadirdir.
Xalq şairi Məmməd Arazın "Murovun qarını əsgər nəfəsi əridəcəkdir" sözlərini xatırladan gənc zabit böyük qürur hissi ilə "Bəli, əsgər nəfəsi Qarabağın da buzunu əridəcəkdir" deyib.
Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə "Azərbaycan Respublikasının Dövlət himni"ni birlikdə ifa ediblər.
Tədbirin sonunda Şəmkir rayon icra hakimiyyəti başçısının adından Murovdağ döyüşçülərinə ziyafət verilib, hədiyyələr təqdim olunub.
Murovdağ döyüşçüləri Dövlət himnimizin sözlərinin müəllifi olan Əhməd Cavadın sevimli şəhərindən bu himnin Xankəndi, Şuşa, Laçın, eləcə də işğal altındakı digər Vətən torpaqlarında tezliklə səslənəcəyinə əminliklə xidmət etdikləri hərbi hissəyə dönüblər.