Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2014 09:00

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib

Dekabrın 30-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində tabelikdə olan hərbi hissə və bölmələrin, baza və anbarların rəhbər heyətinin iştirakı ilə 2014-cü ilin yekunlarına və növbəti ildə qarşıda dayanan vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. Əvvəlcə Baş idarənin rəhbər heyəti ümummilli liderimiz Heydər Əliyevin idarənin foyesindəki büstünün önünə tər çiçək dəstələri düzərək onun xatirəsinə hörmət və ehtiramını ifadə edib.
Kollegiya iclasını giriş sözü ilə açıq elan edən Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev tədbirin gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Məruzə ilə çıxış edən general-mayor Q.Qarayev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açıb. O, bildirib ki, son vaxtlar Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da inamlı addımlar atılıb. "Bu gün dövlətimizin rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ordumuz yetərli inkişaf uğurlarına imza atıb, hərbi hissələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə güclənib və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər görülüb. Xüsusilə qeyd etmək istərdim ki, son bir ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda aparılan islahatlar öz layiqli bəhrəsini verib. Silahlı Qüvvələrin maddi-texniki və sosial məişət-şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün bir sıra əhəmiyyətli məsələlər öz həllini tapıb".
Çıxışına davam edən nazir müavini qeyd edib ki, bütövlükdə 2014-cü il ordumuzun müasir səviyyədə qurulması üçün görülən işlərlə yadda qalacaq. "Orduda qısa bir zamanda həyata keçirilmiş islahatlar, görülmüş işlər şəxsi heyətə yüksək əhval-ruhiyyə aşılamaqla yanaşı, ictimaiyyətin orduya inamını artırıb. Ordu rəhbərliyinin apardığı məqsədyönlü siyasət bizim kollektivdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün idarəmizin tabeliyindəki hərbi bölmələrin şəxsi heyəti əvvəlki dövrlərlə müqayisədə xidmətə tələbkarlığı daha da artırıb, çünki ordunun gücləndirilməsi istiqamətində görülən işlər hər kəsi daha nümunəvi xidmət etməyə və öz vəzifə borcunu daha məsuliyyətlə yerinə yetirməyə ruhlandırır".
General-mayor Qorxmaz Qarayev ordumuzun döyüş qabiliyyətinin güclənməsi məqsədilə müasir silah-texnikaların alındığını və bu məqsədlə aparıscı şirkətlərlə etibarlı müqavilələrin imzalandığını diqqətə çatdırıb. O, qeyd edib ki, növbəti 2015-ci ildə də bu istiqamətlə mühüm işlərin davam etdirilməsi nəzərdə tutulub.
"Əlbəttə, qazanılan uğurlar qətiyyən bizi arxayınlaşdıra bilməz, hörmətli nazirimizin qeyd etdiyi kimi, "orduda xidmət edən hər kəs qarşımızda dayanan mühüm vəzifəni- torpaqlarımızın tezliklə işğaldan azad edilməsi vəzifəsini yerinə yetirmək üçün məsuliyyət hissini dərindən başa düşməli və bütün qüvvəsini bu vəzifənin icrasına yönəltməlidir",-deyə nazir müavini ümidvar olduğunu bildirib ki, Baş idarənin şəxsi heyəti növbəti il üçün qarşıda dayanan vəzifə və tapşırıqların uğurla icra ediməsində də öz dəyərli töhfəsini əsirgəməyəcəkdir.
Tədbir 2014-cü tədris ilinin yekunlarına görə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə başa çatıb.