Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2016 09:00

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunan hərbi-vətənpərvərlik həftəsi başa çatıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan hərbi-vətənpərvərlik həftəsi yekunlaşıb.
Nəinki Azərbaycan xalqının, eləcə də keçmiş Sovetlər İttifaqının görkəmli hərbi xadimlərindən olan general-mayor Həzi Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı gənclərin vətənpərvərlik tərbiyəsində həmişə örnək olub. Bu gün də gənclərimiz görkəmli sərkərdə Həzi Aslanovun nümunəsi əsasında Vətənə, xalqa, dövlətə sadiq vətəndaşlar kimi yetişirlər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirər və deyərdi ki, o, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. General Həzi Aslanov Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir. Vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinədək döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır.
Hər il ölkəmizdə 9 May - Qələbə Günü tədbirləri dövlətimizin başçısının, respublikanın hökumət və dövlət nümayəndələrinin, veteranların general-mayor Həzi Aslanovun abidəsini ziyarət etməsi ilə başlanır. Böyük sərkərdənin xatirəsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Bu il də Silahlı Qüvvələrdə xalqımızın igid oğlunun ad günü və həlak olmasının ildönümü biri-birindən maraqlı tədbirlərlə qeyd edilib. Qəhrəmanın Şəhidlər Xiyabanındakı abidəsi ziyarət olunaraq önünə Müdafiə Nazirliyi adından əklil qoyulub, xatirəsi ehtiramla anılıb.
Birlik, birləşmə və hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən görüşlərdə, bədii və sənədli filmlərin nümayişində, "dəyirmi masa"larda, xatirə gecələrində və digər tədbirlərdə yüzlərlə hərbi qulluqçu, veteran və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Murovdağ döyüşçüləri, Gədəbəy müdafiəçiləri gəhrəmanın şərəfli həyat və döyüş yoluna həsr olunmuş kitabların təqdimatına qatılıblar.
Cəbhə bölgəsində xidmət edən ən yaxşı tank heyətlərinin iştirakı ilə keçirilən tədbirdə müstəqil Azərbaycanın tankçıları – Həzi Aslanovun davamçıları and içiblər ki, respublikamızın ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda döyüşlərə hər an hazırdırlar. Xalqımız əmin ola bilər ki, onlar döyüş meydanında general Həzi Aslanovun qəhrəmanlıqlarını təkrarlamağa hazır və qadirdirlər.