Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2016 09:00

Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilən Təlim Məşq Poliqonunun açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Təlim Məşq Poliqonunun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanan Müdafiə nazirinə məruzə olunub ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur.
Bildirilib ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.
Zenit-raket, radiotexniki birləşmə və hissələrin, ordu birliklərinin hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin praktiki hazırlığı üçün təlim meydançalarındakı tədris nöqtələrində olan Müdafiə nazirinə hərbi texnikanın istifadəsi ilə təlim-məşq prosesi nümayiş etdirilib.